“Bütün bunlar bir zəncirin həlqələridir. Aparılan işlər bütövlükdə ölkədəki islahatların tərkib hissəsidir”.
Ölkədə gedən proseslər və yüksək çinli məmurların həbs
edilməsinə münasibət bildirərkən bu sözləri Moderator.az-a Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyev deyib.
Partiya sədri bildirib ki, bütövlükdə pandemiya və
digər səbəblərdən bütün dünyada gedən dəyişikliklər yeni situasiyanın
yarandığını diqtə edir. Azərbaycan da bu dəyişikliklərdən kənarda qala bilməzdi:
“Bu gün dünya güclərinin maraqlarının yenidən
bölüşdürülməsi, bir sıra dövlətlərin yeni güc mərkəzi olaraq ortaya çıxması və
sair proseslər gedir. Azərbaycan da bu proseslərə adekvat olaraq addımlar
atmalıdır. Azərbaycanın yerləşdiyi geosiyasi məkan da bunu tələb edir. Neftlə
bağlı yaranın yeni şəraitə görə gələcəkdə iqtisadiyyatda olacaq ziqzaqlarla
bağlı tədbirlər də alınmalıdır.
Bir sözlə, yeni axtarışlara və dəyişmələrə zərurət
yaranıb. Buna görə də ölkədə əvvəldən başladılan islahatlar yeni görünümdə
ortaya çıxmalı idi. Bu məsələdə də dövlətə ciddi dəstək vermək lazımdır, həm cəmiyyət
dəstək verməlidir, həm də məmur təbəqəsi”.
Fərəc Quliyev əlavə edib ki, aparılan islahatlara
mane olmaq istəyənlərin varlığı göz önündədir:
“Lakin bu işə daxildən badalaq olarsa ki, bu badalaq var – gedən prosesləri ləngidər.
İcra başçılarının həbs edilməsi elə-belə məsələ
deyil. Prezidentin yerlərdəki nümayəndələri bu işlərə dəstək olmurlarsa, təkamülə
şərait yaratmırlarsa, üstəlik də bu prosesə zərər verirlərsə, təbii ki, buna
qarşı mübarizə aparılmalıdır.
Bütün bunlar onu göstərir ki, ölkədə aparılan
islahatlara qarşı çıxanlara həm inzibati yollarla, həm də profilaktik tədbirlərlə
mübarizə aparılacaqdır. Digər tərəfdən, qanunvericilik bazasının yaradılması mühiti də
formalaşdırılır. Kompleks tədbirlərin aparılması və buna mane olanların həbs
edilməsi göstərir ki, ortada ciddi bir syasi iradə var və bu iradə açıq etiraf
edək ki, xalq tərəfindən dəstəklənir.
İndi cəmiyyətdə DTX-nın “qara maskalaıları” kumir
kimi qəbul edilir. Burada bir müsbət amil də var ki, məlum səbəblərdən təhlükəsizlik
orqanlarının zədələnmiş imici bu tədbirlər sayəsində yenidən öz etimadını
doğruldur. Bu çox vacib amildir. Həm dövlətin təhlükəsizliyi baxımından, həm də xalqın rifahı baxımından əhəmiyyətlidir.
Düşünürəm ki, bu islahatları dəstəkləyən siyasi qüvvələr siyasi
arenada, məmurlar da öz mövqelərində qalacaqlar, dəstəkləməyənlər isə ya kənarlaşdırlacaqlar,
ya da cəzalandırılacaqlar. Başqa yol yoxdur”.
MDHP sədri sonda pandemiyadan sonra parlamentin boş
qalan yerlərinə keçiriləcək təkrar seçkilərdə iştirakla bağlı mövqeyini də
açıqlayıb:
“Təkrar seçkilərdə iştirak etmək niyyətimiz var. Biz
partiya olaraq hakimiyyətə gəlməyin yeganə yolunu seçkidə görürük. Buna görə də
əgər partiya varsa, bütün seçkilərdə də iştirak etməlidir. Baykot yolunu
tutmaq doğru addım deyil. Bu yolu tutan partiyalar hakimiyyətə gəlməyin başqa
yolları barədə düşünürlər.
Biz partiya olaraq parlamentdə boş qalmış yerlərə
keçiriləcək təkrar seçkilərdə iştirak etməyi düşünürük. Ancaq o başqa məsələdir
ki, hansı dairədən və hansı namizədlər olacaq”.
Taleh