Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli
nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil,
onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq,
istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və
səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları,
dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis,
fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovet birliyinə daxil
olan bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq
və sevgi ilə qarşılanmışdır.
Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü
ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib,
Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1947-ci ildə
həmin fakültəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.
1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü
ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını
müdafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır. Bəxtiyar
Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış,
1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii
yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş,
1990-cı ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir. B.Vahabzadə 70-dən artıq şer kitabının, 2
monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir.
Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun
"Vicdan", "İkinci səs", "Yağışdan sonra",
"Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya
?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar
ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən
artıq iri həcmli poemanın müəllifidir. 1974-cü ildə əməkdar incəsənət xadini,
1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı
adlarına layiq görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı
verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda
mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif
edilmişdir. B.Vahabzadənin şerləri obrazların kamilliyi, bədii vasitələrin
məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi
baxış əsas yer tutur. Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər
ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Bədii,
elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə
əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili
seçilmişdir (1980-2000). O, hələ 60-cı illərdən başlayan mili azadlıq
hərəkatının öncüllərindən biri olmuşdur.
1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə
parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının
pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı
ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair
"Millətçi" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra
yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür
məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi
üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya
tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə
gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovetlər
İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr
etdirmişdir. Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii
prosesin təşkilatçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir
çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə
ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin o, ana dilimizin saflığı,
təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparır. B.Vahabzadənin evi bir növ,
millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və
rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul
edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə
çalışır. Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə,
kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl
müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və
məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm
edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi
onun şəxsi mənafeyinə çevrilmişdir.
Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu il tarixində vəfat
edib