Dünya bazarında neftin həddən artıq ucuzlaşması OPEK ölkələrini bir daha təcili toplanmağa məcbur edib.
Qeyd edək ki, cəmi bir ay əvvəl – martın 6-da OPEK+ ölkələrinin keçirdiyi görüş nəticəsiz olmuş, istehsalın azaldılması ilə bağlı razılıq əldə edilməmişdi.
İndi necə, neftin son onilliklərin ən aşağı qiymətinə düşməsi böyük neft istehsalçılarını razılaşmaya məcbur edəcəkmi? Aprelin 6-da nəzərdə tutulan toplantının nəticəsi olacaqmı?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Moderator.az-a açıqlamasında deyib ki, OPEK-in bu toplantısından nəticə gözləmək mümkündür:
“Nəyə görə?
Məsələ burasındadır ki, bir ay əvvəl OPEK+ çərçivəsində görüş olarkən ab - hava başqa cür idi. Heç kim neftin belə sürətlə ucuzlaşacağını nəinki proqnozlaşdırmırdı, hətta deyərdim ki, ağlına da gətirmirdi.
Ona görə də istehsalın azaldılması ilə bağlı təkliflərə bir qədər tərəddüdlə yanaşırdılar. Hesab edirdilər ki, bazarda neftin qiyməti uyğun səviyyədəddir və ucuzlaşma kəskin olmayacaq. Bir az gözləmə mövqeyi tuturdular...
Ancaq indi, aprelin 6-da olacaq görüş ərəfəsində neftin qiyməti o dövrdəki ilə müqayisədə 2 dəfədən şox ucuzlaşıb. Həmçinin artıq bazardakı vəziyyəti və dünyadakı istehlak imkanlarını götür-qoy etmək imkanı yaranıb.
Bu baxımdan, hesab edirəm ki, ayın 6-da OPEK-in keçirəcəyi videokonfrans irəliyə doğru bir addım olacaq və neft hasilatının azaldılması ilə bağlı konkret qərar olmasa da, təkliflər səsləndiriləcək”.
İlham Şabanın sözlərinə görə, əgər əvvəllər istehsalın azaldılması ilə bağlı qərarlar adətən bir ay sonraya nəzərdə tutulurdusa, düşünürəm ki, indi bunu daha qısa müddətdə etməyi planlaşdıracaqlar:
“Bundan əlavə, dünyanı sarsıdan pandemiya ilə əlaqədar uzun illərdən sonra ilk dəfədir ki, dünya iqtisadiyyatı artım yox, çöküş istiqmətində gedir. Yəni iqtisadiyyat belə aşağı doğru gedirsə, neftə olan tələbat da ona uyğun olacaq.
Ancaq bununla belə, mən o fikirdəyəm ki, Trampın hasilatın birdən-birə 10-15 milyon barrel azaldılması ilə bağlı səsləndirdiyi fikirlər reallığa uyğun deyil”.
Taleh