Öz xalqına, eləcə də Suriyada yaşayan milli azlıqlara qənim kəsilən Əsəd rejiminin əlaltısı olan parlament qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Türkiyə ilə hərbi konfilikt əsnasında qəbul edilən qərarın rəsmi Ankaraya siyasi təzyiq xarakteri daşıdığı, heç bir tarixi fakta söykənmədiyi göz önündədir.
Türk ordusuna xain hücumlara cavab olaraq, Türkiyənin Əsəd rejiminə məxsus hərbi qüvvələri hədəf alması, Əsəd hakimiyyətini belə bir rüsvayçı qərar qəbul etməyə sövq edib. Hansı ki, heç vaxt olmayan uydurma “erməni soyqırımı”nın Suriya parlamenti tərəfindən tanınması qərarının yalnız Türkiyənin deyil, torpaqları erməni işğalı altında olan Azərbaycanın, eləcə də digər türk-islam dövlətlərinin, ümumilikdə isə mütərəqqi bəşəriyyətin maraqlarına zidd olduğu şübhəsizdir.
Bu səbəbdən də uzun illər Suriyadakı türkmən xalqına zülm edən, onları çoxsaylı yasaqlar, qadağalar içərisində boğan, habelə türkmən xalqına qarşı hərbi müstəvidə soyqırım həyata keçirən Əsəd rejiminin yaxın tarixi keçmişdəki əməllərinə türk dövlətləri tərəfindən siyasi qiymətin verilməsi olduqca vacibdir. Bu gün də davam edən türkmən soyqırımını tanımaq, həm türk dünyasının bir parçası olan türkmənlərin haqq səsinin dünyaya duyurulması, həm də tarixi həqiqətləri təhrif edərək bundan siyasi təzyiq məqsədi ilə istifadə edən Əsəd rejiminin cəzalandırılması baxımından zəruridir.
Onu da unutmaq olmaz ki, Əsəd rejiminin türkmən xalqına qarşı həyata keçridiyi soyqırım siyasətini özündə əks etdirən çoxlu sayda fotolar, videolar, rəsmi və qeyri-rəsmi sənədlər mövcuddur. Bu soyqırımın çoxlu sayda canlı şahidləri mövcuddur ki, onlardan da bu məsələdə uğurla istifadə etmək olar. Və təbii, Rusiyanın türkmən xalqının başına gətirdiyi müsibətlər də unudulmamalıdır.
Yalana qarşı həqiqət – Türkiyə və bütün türk dünyasının bu məsələdə də məhz bu konteksdə hərəkət etməsinə ehtiyac var.
Türkmən soyqırımının tanınması Türkiyənin Əsəd rejimindən siyasi müdafiəsi, öz xalqının düşməninə çevrilən rejimin cinayətlərinin beynəlxalq aləmdə ifşa edilməsi, həmçinin, qanı qanımızdan olan türkmən xalqının müdafiəsi baxımından tarixi addım olar. Günün reallığının, tarixi ədalətin, türk vicdanının da bizdən tələb etdiyi məhz budur!
Seymur ƏLİYEV
e-mail: [email protected]