Ölkə mətbuatının mövcud durumuyla bağlı fikir birmənalı deyil. Kimlər
üçün vəziyyət çox yaxşı, kimlər üçün isə acınacaqlıdır. Bəs, ekspertlər milli
mətbuatımızın bu günüylə bağlı nə düşünür?
Mövzuyla bağlı Moderator.az-a
açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif
Əliyev ölkə mətbuatında vəziyyətin ürəkaçan olmadığı düşüncəsindədir:
“Azərbaycan mediasının vəziyyətini sonuncu hesabatlar və
monitorinqlər çox gözəl şəkildə təsvir edir. Dünən Media hüquqları institutun
hesabatı elan olundu. Monitorinqin nəticəsinə görə, medianın müstəqilliyi və
mətbuatın iqtisadi vəziyyətində böhran dərinləşməkdədir. Media artıq müstəqil
institut olaraq formalaşa bilmir. Müstəqil KİV-lərin sayı barmaqla sayılacaq
qədərdir. Bundan əlavə, bir sıra mətbu orqanların məhkəmələrə verilərək külli
miqdarda cərimələnməsi də vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də ölkədə
mətbuatın və söz azadlığının məqsədli şəkildə boğulduğunu bildirdi:
“Çap mediasının boğulması siyasəti davam etdirilməkdədir. Bunu
qəzetlərin pərakəndə satışına və onlara reklam verilməsinə inzibati
məhdudiyyətlərin tətbiq edilməsində də görmək olar. Qəzet və jurnalların çoxu
maliyyə böhranı vəziyyətinə çatdırılıb və əsasən hökumət tərəfindən qeyri-leqal
dotasiyalar hesabına mövcudluğunu davam etdirir. Bu gün ölkədə elə KİV-lər var,
qeyri-leqal yolla yüz minlərlə, hətta ildə milyon dollardan çox vəsait alır.
Buraya ölkə prezidenti yanında KİV-ə Dəstək Fondunun ildən-ilə artan
dotasiyalarını da əlavə etmək lazımdır. 2012-ci ildə Fond KİV-ə 5 mln dollara
yaxın qrant ayırıb. Bu tendensiyanın davam etməsi isə mətbuatın dövlətdən
asılılığını artıracaq”.
Xəyal Əzizov