Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Əhməd Əhmədovun vəzifəsindən kənarlaşdırıldığı barədə xəbər almışıq. Naxçıvandakı mənbələrin azadlıq.info-ya verdiyi məlumata görə, Əhmədov Muxtar Respublikanın Fövqalədə Hallar Nazirliyinə müavin vəzifəsinə göndərilib.
Bəzi məlumatlarda onun hətta idarə rəisi vəzifəsinə təyin olunduğu da bildirir.
Mənbənin dediyinə görə, seçki öncəsi atılan bu addım Əhmədova qarşı inamsızlıqla əlaqələndirilir. Hazırda onun yerinə Naxçıvan «xanı» Vasif Talıbovun yeznəsi Səbuhi Novruzovun təyin olunması gözlənilir.
Mənbə onu da deyir ki, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov artıq neçə vaxtdır, Əhməd Əhmədovun bir sıra ticarət obyektlərinə də əl qoyub. Bu isə artıq onun vurulmasına başlanılacağı ilə bağlı bir siqnaldır. Əvvəlcə Əhmədovun yerinə Naxçıvan FHN-in başçısı Şamo Abdullayevin təyin olunacağı gözlənilirdi. Amma Abddlayevin yaxın vaxtlarda Bakıya FHN-ə yüksək vəzifəyə gətiriləcəyi bildirilir.
Qeyd edək ki, Şərurun Tumaslı kəndindən olan 44 yaşlı Əhməd Əhmədov 2000-ci ilin iyun ayından Naxçıvan MR daxili işlər naziridir.