“20 Yanvar faciəsini törədənlər məsuliyyətə cəlb edilməlidir”
“20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Çünki məhz bu tarixdə xalq sovet hökumətinin cinayətkar davranışına öz cəsarəti, mətinliyi ilə meydan oxudu, öz azadlığını hətta həyatı bahasına qorumağa hazır olduğunu nümayiş etdirdi”.
Bunu Moderator.az-a
açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil
Xəlilov bildirib. C.Xəlilovun fikrincə, 20 Yanvar faciəsinin əsas müqəssiri
olan Mixail Qorbaçov sovet ordusunu Bakıya yeritməklə, Azərbaycan xalqına qarşı
dəhşətli cinayətə yol verib:
“1990-cı ilin 20 yanvar
tarixində Qorbaçov hökuməti Bakıya ordu yetitməklə Azərbaycan xalqına xəyanət
etdi. Silahsız insanların üzərinə tanklarla, ağır texnika ilə hücum etmək,
onları zorakılığa məruz qoymaq əslində faşizmin bir nümunəsi kimi dəyərləndirilməlidir.
Qorbaşov hələ də baş verənlərə
görə Azərbaycan xalqından üzr istəməyib. Biz istərdik ki, 20 Yanvar cinayətini
törədənlər məsuliyyətə cəlb olunsun. Onlar Azərbaycan xalqından, qətlə
yetirdikləri insanların doğmalarından üzr istəsinlər”.
C.Xəlilov ulu öndər Heydər
Əliyevin 20 Yanvar faciəsinə çevik münasibətinə də diqqət çəkib, onun bu
addımının milli tariximiz baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb:
“Bu hadisəyə ilk qiyməti
ümummili lider Heydər Əliyev verdi. O, Azərbaycan nümayəndəliyinə gələrək bu məsələyə
siyasi münasibət ortaya qoydu. Bu, həmin vaxt heç də asan məsələ deyildi. Ulu
öndər bu addımı ilə həm öz həyatını, həm də ailəsinin həyatını təhlükə
qarşısında qoymuş oldu. Bu, ulu öndərin xalqın təhlükəsizliyini öz təhlükəsizliyindən
daha üstün tutmasının bariz nümunəsi idi. Biz 20 Yanvar olaylarının ildönümü
qeyd etdiyimiz bir zamanda ulu öndərin bu cəsarət və fədakarlığına da diqqət
yetirməli, onun tarixi xidmətinin əhəmiyyətini gənc nəslə təbliğ etməliyik”.
Seymur ƏLİYEV








