Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin rəhbəri Süleyman İsmayılov ötən illə müqayisədə adıçəkilən quruma daxil olan şikayət məktublarının sayının azaldığını bildirib. Maraqlıdır ki, S.İsmayılov bunu vətəndaşların probleminin həllinə göstərilən qayğı və diqqətlə izah edib.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran hüquqşünas Aslan İsmayılov müraciətlərin azalmasını vətəndaşların bu müraciətlərin səmərəsinə olan inamsızlığı ilə əlaqələndirdi:
“Mən Süleyman müəllimi tanıyıram və sizi tam əmin edirəm ki, o, bu açıqlamasında tam obyektivdir. O, haqlı olaraq söyləyir ki, Prezident Administrasiyasına ünvanlanan müraciətlərin sayı azalıb. Lakin deməliyəm ki, müraciətlərin azalmasının səbəbi problemlərin azalması deyil. Problemlər əksinə gündən-günə çoxalır. Bu, insanların inamsızlığından irəli gəlir. Mən özüm əvvəllər tez-tez Prezident Administrasiyasına müraciət edirdim. Lakin təxminən son bir ildir ki, daha müraciət etmirəm. Çünki bunun faydasını görmürəm. Prezident Administrasiyasına ünvanlanan şikayət xarakterli istənilən müraciət şikayət edilən struktura göndərilir. Strukturun rəhbəri isə bu müraciəti şikayət olunan məmurun özünə həvalə edir. Azərbaycanın reallığı bundan ibarətdir”.
Seymur Əliyev