Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Ağdama səfəri zamanı türl iş adamlarının bölgəyə səfər edəcəyi, burada sənaye müəssisələri yaradacaqları ilə bağlı açıqlama verib:
“Mənim burda olmağımın əsas səbəblərindən biri də budur. Tükiyəli iş adamlarının yeni layihələri var. Onlar burada sənaye bölgəsi yaradacaqlar. İşlər ən qısa zamanda reallaşacaq, bu da Ağdamın iqtisadi həyatına bir hədiyyə olacaq”.
Maraqlıdır, türk iş adamlarının təmas xəttinə yaxın ərazilərdə əhalinin məşğulluq problemini ortadan qaldıracaq istehsalat sahələri, sənaye müəssisələri açması insanlarımızın sosial rifahının yüksəlməsi, öz doğma torpaqlarına daha dərindən bağlanması, regionların inkişafı baxımından nə dərəcədə önəmlidir? Bu, Türkiyənin Azərbaycan xalqı və iqtisadiyatına verdiyi növbəti töhfə sayıla bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bunun ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi:
“Təmas xəttinə yaxın ərazilərdə sənaye obyektlərinin, müəssisələrin salınması vacib işlərdən biridir. Dövlət başçısı da daima bunun önəminə diqqət çəkib. Bildirib ki, cəbhə bölgələrində sənaye obyektləri fəaliyyət göstərməlidir.
Cocuq Mərcanlıda bu baxımdan çox işlər görüldü. Orada müəyyən sənaye obyektləri açıldı. Nazirlərin, nazir müavinlərinin bu bölgəyə səfərləri oldu.
Əgər türk iş adamnlarının Ağdam rayonu ərazisində bu cür müəssisələr açmaq niyyəti varsa, Türkiyə tərəfi belə bir addım atırsa, bunu ancaq alqışlamaq lazımdır. Sənaye bölgələrinin yaradılması o deməkdir ki, insanların bu bölgələrə qayıdışı üçün gərəkli şərait olacaq. Bu, olduqca vacib bir məsələdir və mən bunu alqışlayıram”.
Seymur ƏLİYEV