Milli Şuranın Rüstəm
İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürməsi Azərbaycan cəmiyyəti tərəfindən
bir oyunbazlıq kimi qarşılanıb və gülməli vəziyyət yaradıb. Çünki nə Milli Şuranın,
nə də onun namizədinin bu seçimi etməyə heç bir mənəvi haqqı yoxdur.
Çünki Milli Şuraya daxil olan partiyaların,
ictimai qurumların tərkibinə diqqət yetirib onların bir-birləri ilə daima
mübarizə apardıqlarını, bir-birlərini tənqid və təhqir etməkdən belə çəkinmədiklərini,
şəxsi mənafelər baxımından çıxış etdiklərini, xalq arasında hörmətə, dəstəyə
malik olmadıqlarını nəzərə alsaq belə bir qondarma və intiriqa yuvasına çevrilən
qurumun üzvlərinin prezidentliyə namizəd irəli sürməyə mənəvi haqlarının
olmadığını söyləyə bilərik.
Prezidentliyə vahid namizəd göstərilən Rüstəm
İbrahimbəyovun özünü bu qədər aşağılaması, pis vəziyyətə qoyması təəssüfləndiricidir.
Çünki o, bu gedişi ilə bir daha göstərdi ki, uzağıgörməyən, cılız hisslərlə
yaşayan, özünün dediyinin əksinə olaraq Azərbaycanı sevməyən, azərbaycanlılara
hörmət etməyən, reallıqları dərindən dərk edib qiymətləndirməyən bir adamdır.
Ona görə ki, o, Milli Şurada toplaşan bir çox insanların, liderlərin iç üzünə
yaxşı bələddir, onların uzun illərdən bəri kimlərə xidmət etdiklərini, Azərbaycan
xalqının başına nə bəlalar gətirdiklərini yaxşı bilir.
Vaxtı ilə 20 Yanvar faciəsini, Xocalı soyqrımını,
torpaqlarımızın işğalinı, ölkədəki özbaşınalığı ürək ağrısı ilə qeyd edən Rüstəm
İbrahimbəyovun indi respublikada həmin vəziyyəti yaradanlarla qardaş, silahdaş
olması və onların namizədinə çevrilməsi heç bir sağlam məntiqə sığmır.
Diğər tərəfdən Rüstəm İbrahimbəyovun xalq tərəfindən
dəstəyi yoxdur. Azərbaycanın rayonlarında, kəndlərində onu tanımırlar, xidmətlərini, yaxşı bir işini görməyiblər. Rüstəm müəllimin
özü də regionları, kəndləri tanımır, insanların adət-ənənəsinə, psixologiyasına
yaxından bələd deyil, onların xeyrində-şərində iştirak etməyib, hansısa bir kəndə,
bir rayona qəpiklik köməyi dəyməyib, bir qaçqının-köçkünün, imkansızın qapısını
döyüb dərdinə şərik çıxmayıb, süfrəsində çörək kəsməyib.
Belə olan halda Rüstəm İbrahimbəyovun
prezident olmağa, xalqın adından danışmağa mənəvi haqqı çatırmı? Mən bilirəm
ki, Azərbaycan xalqı bu haqqı ona verməyib və heç zaman verməz. Cünki artıq cəmiyyətimiz
və insanlarımız kimin kim olduğunu, kimlərin hansı məqsədlərə xidmət etdiyini
yaxşı bilir. Bəs onda bu oyunbazlıq nəyə görədir və kimə lazımdır?
Qoy bu sualın cavabı
haqqında Milli Şura və onun vahid namizədi yaxşı-yaxşı düşünsün.