Türkiyədə baş verən qarşıdurmalar səngisə də çox güman ki, bu xoşagəlməz olay 60 ildən artıq Avropa Birliyinin qapısı önündə növbə gözləyən qardaş ölkə üçün hələ uzun müddət baş ağrısına çevriləcək. Türkiyənin Avrointeqrasiya üzrə naziri, baş nazirin müavini Egemen Bağış bu günlərdə maraqlı bir açıqlama ilə də çıxış etmişdi ki, Taksimi Təhrirə çevirməyə cəhd edənlərin niyyətləri boşa çıxsa da illər uzunu Türkiyəni Avropanın bir parçası kimi görməyi həzm edə bilməyənlərin əlinə vazkeçilməz fürsət düşdü.
Diqqətçəkən bir məqamsa Türkiyədəki məlum olaylarda polisin aşırı güc işlətməsinə Avropadan, Amerikadan başqa qardaş ölkənin öz daxilindən də ciddi təpkilərin gəlməsi, ittihamların səsləndirilməsidir. Ərdoğanın nəzarətində olmayan Türkiyə telekanalları son günlər bu mövzunu daim gündəmdə saxlayaraq AKP hökumətini ciddi tənqid atəşinə tuturlar. İddia olunur ki, Ərdoğan hökuməti son 10 ildə kütləvi aksiyaları dağıtmaq üçün polisə yüz milyonlarla dollar ayırıb və həmin paranın təkcə 20 milyonu Cənubi Koreya və Braziliyadan gözyaşardıcı qaz fişənglərinin alınmasına sərf olunub. Bildirilir ki, Türkiyədə 20 gündən artıq davam edən qarşıdurmalarda ən azı 5 nəfərin ölümünə və minlərlə insanın xəsarət almasına səbəb olan 130 mindən artıq qaz fişəngi istifadə olunub.
Dünyanın nüfuzlu insan haqları təşkilatları da bəyan edib ki, gözyaşardıcı bibər qaz fişəngləri də insan sağlamlığına ciddi zərər vurduğuna görə onları kimyəvi silahlarla eyni tutmaq lazımdır.Bu qurumlar bu cür vasitələr istifadə edən ölkələrin də qınaq hədəfinə çevrilməsinə, onlardan istifadə edən hökumətlərlə suç ortağı kimi tanınmasına çağırıblar.