Yaponiyalə mütəxəssislər çətin əraziləri öyrənmək üçün heyvanların başına xüsusi ötürücülər yerləşdiriblər
Yaponiya Milli Qütb Tədqiqatları İnstitutunun okeanoloqları Antarktidada buzların necə əmələ gəldiyi və əriməsi mexanizmi ilə bağlı dəyərli məlumatlar əldə etmək üçün Ueddell suitilərinin “köməyinə” müraciət ediblər. Onlar səkkiz heyvanın başına suyun keçiriciliyini, temperaturunu və dərinliyini ölçə bilən ötürücülər bağlayıblar.
Moderator.az bildirir ki, bu barədə Britaniyanın “The Independent” nəşri məlumat yayıb. Alimlərin seçimi məhz suitilərin üzərinə düşüb, çünki onlar tədqiqatçıların girə bilmədiyi yerlərdə - suyun ərimiş yerlərini əhatə edən sahilə qədər donmuş dəniz buzu üzərində yaşayırlar. Belə ərazilər adi tədqiqat gəmiləri üçün əlçatmazdır.
Bundan əlavə, suitilər onlar haqqında mövcud olan fikirlərin əksinə olaraq, çox hərəkətli heyvanlardır: altı ay ərzində elm adamları onları müşahidə edərkən səkkiz suiti demək olar ki, 700 kilometr yol qət edib. Antarktidanın kontinental şelfləri Dünya okeanının ən bioloji məhsuldar bölgələrindən biridir: okean dəniz buzu və buz şelfinin qarşılıqlı təsiri sayəsində çox böyük miqdarda biokütlə əmələ gətirir. Bu prosesdə xüsusi rolu sahil zonalarından və sahilə yaxın buzla əhatə olunmuş donmamış dəniz suyunun ərazilərindən gələn dərin isti axınlar oynayır.
Suitilərin köməyi ilə alınmış məlumatlar sayəsində okeanoloqlar aşağı duzlu ilıq suyun payızda meydana gəldiyini və mövsüm dəyişdikcə daha dərinə yayıldığını öyrəniblər. Meteoroloji və okeanoqrafik modelləşdirmələr göstərib ki, payızda üstünlük təşkil edən şərq küləyi şelfdən səth isti sularının axmasına səbəb olur. Suitilərin suya necə batması ilə bağlı alınan məlumatlar sübut edib ki, duzluluğu az olan isti suyun kürəkayaqlıların yem axtarışına müsbət təsiri var. Ümumilikdə tədqiqatçılar hesab edirlər ki, küləyin idarə etdiyi fiziki proses qitənin dəniz ekosistemində yaşayan heyvanların qida əldə etmək bacarığını artıra bilər.
Miraslan