İlqar Vəlizadə: “Ermənistan cəmiyyətindəki revanşism bölgə üçün təhlükə mənbəyi olaraq qalmaqdadır”
Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Ermənistanda sadəcə iqtidar və müxalifətdə deyil, həm də erməni cəmiyyətində revanşizm əhval-ruhiyyəsinin mövcudluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın bundan öncə cəza xarakterli addımları Ermənistan üçün ibrət dərsi olmayıb.
Bəs Ermənistan cəmiyyətindəki mövcud revanşizm yaxın gələcəkdə bölgədə yeni hərbi gərginliklərə səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə erməni cəmiyyətindəki revanşizm ab-havasının bölgə üçün təhlükə mənbəyi olduğunu bildirib:
“Təbii ki, Ermənistandakı revanşizm əhval-ruhiyyəsi bölgə üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Bundan sadəcə Ermənistan daxilindəki qüvvələr deyil, xaricdəki ermənilər, o cümlədən digər kənar qüvvələr də istifadəyə cəhd edə bilər.
Son vaxtlar baş verən proseslər göstərir ki, Ermənistanda uşaqlara məşhur terrorçuların adının qoyulması halları var. Bunun özü erməni cəmiyyətindəki qisasçılıq ruhundan, terrorçulara olan sevgidən xəbər verir. Bildiyiniz kimi, erməni terrorunun 100 ildən çox yaşı mövcuddur. Erməni terror təşkilatları sadəcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində son 100 il ərzində çoxsaylı terror aktları həyata keçirib, çoxlu sayda günahsız insanın ölümünə səbəb olub. Odur ki, Ermənistan cəmiyyətindəki revanşist əhval-ruhiyyənin qarşıdakı dönəmlərdə hansısa təxribatlara, qarşıdurmalara gətirib çıxaracağı fikrini istisna edə bilmərik. Əgər Ermənistan revanşizm düşüncəsindən, Azərbaycana yönəlik təxribatlardan əl çəkməzsə, o zaman gələcəkdə onunla yenə də anladığı dillə – zor dili ilə danışmalı ola bilərik”.
Seymur ƏLİYEV