“Biz bu müharibə başlayandan ermənilərə üç elə böyük dəmir yumruq, zərbə endirdik ki, Ərdoğanın səfəri üçüncü idi. Birinci o idi ki, ermənilərin belini onda qırdıq ki, Şuşa qalasını işğaldan azad etdik. İkinci zərbə Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı idi. Bu elə Qarabağın alınması qədər ermənilərə zərbə oldu. Üçüncü zərbə isə Ərdoğanın Şuşa səfəri idi”.
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı son günlər baş verən hadisələrə görə ürəkdən sevindiyini bildirib:
“Sizin vətənpərvər bir oğul kimi keçirdiyiniz hisslərin oxşarını elə mən də keçirdim. Bu təkcə mənə aid deyil, bütün dünyaya səpələnmiş və Azərbaycanda yaşayan Azərbaycan türklərinin hamısı eyni səviyyədə sevindi, beş-on nadürsütdən başqa. Biz bu müharibə başlayandan ermənilərə üç elə böyük dəmir yumruq, zərbə endirdik ki, Ərdoğanın səfəri üçüncü idi. Birinci o idi ki, ermənilərin belini onda qırdıq ki, Şuşa qalasını işğaldan azad etdik. İkinci zərbə Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı idi. Bu elə Qarabağın alınması qədər ermənilərə zərbə oldu. Üçüncü zərbə isə Ərdoğanın Şuşa səfəri idi. Orda bağlanan Şuşa bəyannaməsi elə bilki Azərbaycanın gələcəyinin işğalının bəri başdan azad olunması və ermənilərin darmadağın olunması məsələsidir. Bu bizim çox böyük qələbəmizdi. Heç vaxt belə qələbəmiz olmamışdı. Dəfələrlə sizinlə söhbətimiz zamanı demişəm ki, son iki yüz ildə torpaqları ancaq verə-verə gəlmişik, amma indi almağa başlamışıq. Bu bir ilk idi, amma Şuşa bəyannaməsi Azərbaycan xalqının bəxtinə yaraşan bir şeydi. Çünki bu xalq doğrudan da ürəyiaçıq, qonağı yuxarı başa keçirdən, axır tikəsini onunla bölən xalqdır. Ermənilər isə bunların heç birinə layiq deyil. Bu gün Ermənistanda nə baş verirsə, ermənilər ona layiqdirlər. Nəhayət tarixin təkəri elə fırlandı ki, Azərbaycan da, Ermənistan da öz layiq olduğunu aldı. Ona görə də inanın ki, göyün yeddi qatındayam. Biz sanki bütün Azərbaycanı azad etdik və bu bir başlanğıcdı. Belə yerdə deyərlər ki, Allah ağzından eşitsin, ay qardaş”.
Yazıçı deyib ki, Qarabağ haqqında ən gözəl əsəri Ali Baş Komandan yazdı:
“Mən deyən əsəri İlham Əliyev əlavələri ilə yazdı. Biz Qarabağın işğaldan azad olunmasını gözləyirdik və Şuşa bəyannaməsi heç bizim yuxumuza da girmirdi. Əsl Ali Baş Komandan xalqın əlli-yüz il bundan sonra istədiyini bəri başdan edəndi. Mən bunu bütün səmimiyyətimlə deyirəm. Məni tanıyanlar bilir ki, elə-belə söz demirəm. Çox möhtəşəmdi və kim buna sevinmirsə, o bu xalqın düşmənidi. Onlar isə xalqın elə də qorxulu düşmənləri də deyillər. Sizinlə söhbətim zamanı dəfələrlə demişdim ki, mənə əsərdə, romanda, poemada alınan Qarabağ lazım deyil, mənə elə bir Qarabağ lazımdı ki, üzümü o torpağa sürtə bilim. Demişdim ki, bu əsəri isə İlham Əliyev yazacaq və yazdı da. Nə vaxt görüşsək, ondan xahiş edəcəm, özüm bir fərd olaraq 76 yaşım var, prezidentdən də yaşca böyüyəm, İlham Əliyevi son iki yüz ilin ən vacib əsəri nominasiyasının qalibi elan edəcəm. Bundan sonra nə əsərlər yazırlar-yazsınlar, sağ olsunlar, lazımdı da, amma hamısı İlham Əliyevin son iki yüz ildə yazdığı vacib əsərinə nəzirə olacaq və ondan yuxarı qalxa bilməz.
Allah bütün balaları saxlasın. Bu da bir rəqəmdi, 26 iyun Silahlı Qüvvələr günüdü. Biz bayaqdan ordumuzu da tərifləyirik. Bu gözəl günlərin hamısında ordumuzun payı var. Bu gündə mənim nəvəm və sənin oğlun doğulub”.
Vasif Əlihüseyn