“Moskva və Pekin arasında hərbi əməkdaşlıq sazişlərində qeyri-adi heç nə yoxdur, lakin amerikalılar Rusiya və Çinin prezident Baydenə açıq şəkildə “hörmət etməməsindən” narahat olmalıdılar”.
Moderator.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan general-leytenantı Kit Kelloq “Fox News” telekanalının efirində deyib. Onun sözlərinə görə, Bayden özünü çox qətiyyətsiz lider kimi göstərə bilib. “Rusiya-Çin hərbi əməkdaşlığına dair razılaşma amerikalıları yalnız o mənada narahat etməlidir ki, bu, ABŞ-a istehzadır”, - deyə təqaüddə olan general-leytenant və vitse-prezidentin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Keyt Kelloq bildirib.
Generalın fikrincə, “avtoritar liderlərin” başçılıq etdiyi iki dövlətin münasibətlərində müdafiə sazişinin özü adi haldır: “Əsl problem budur. Bu, Amerika prezidentinə və Amerika Birləşmiş Ştatlarına tam hörmətsizlik nümayiş etdirir. Onlar ABŞ prezidentinə istehza edirlər. Ona görə də hər kəs bundan narahat olmalıdır”.
General Baydenə “hörmətsizliyi” Əfqanıstandakı uğursuzluqla, eləcə də vitse-prezident olduğu zaman Baydenin Rusiyanın Krımı ilhaq etməsinə mane olmaması və hətta Usamə bin Ladenin məhv edilməsi əməliyyatına qarşı çıxması ilə izah edib. “O, qərarsızlıq və ya ümumiyyətlə qərar verməmək ənənəsinin əsasını qoydu. Və onlar (Çin və Rusiya – red.) bundan istifadə edəcəklər. Böyük ehtimalla belə olacaq. Onlar müəyyən mənada Birləşmiş Ştatları ələ salırlar”, - deyə Kelloq vurğulayıb.
Generalın fikrincə, əsas sual hazırkı administrasiyanın Tayvana meylini gücləndirəcəyi təqdirdə Çinlə qarşıdurma yaratmaq iradəsinin olub-olmamasıdır: “Biz nəsə edəcəyik? Yoxsa sadəcə olaraq, “bu, qaçılmazdır və biz bununla bağlı heç nə edə bilmərik” deyəcəyik? Məni hər şeydən çox narahat edən budur”.
Miraslan