“Floridada vətəndaşlardan vaksin tələb edənlər külli miqdarda cərimə olunur”
Artıq 2 ilə yaxındır ki, pandemiya dünyanı cənginə alıb. Bütün sahələrdə isə bu özünü göstərməkdədir.
Kaliforniya Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri, yazar-dramturq Sevinc Səfərova Moderator.az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) virusla mübarizədə müxtəlif addımlar atılıb:
“2 ildir davam edən “Covid-19” virusu bir çox insanların həyatına faciəvi şəkildə təsir göstərdi. Bütün dünya 2 ildən çoxdur ki, bu virusla mübarizə aparır.
Dünyanın hər yerində olduğu kimi, ABŞ-da da pandemiya yayılandan bir il sonra xəstəliyin qarşısını almaq üçün vaksinlərdən istifadə edildi. İnsanlar 2 yerə bölündü, onların bir hissəsi vaksinə qarşı peyvənd vurdurdu. Onların arasında da parçalanma baş verdi: məcburi və könüllülər. İstər dövlət işində, istər insanlarla əlaqə olan restoran, mağazalarda insanları məcburi şəkildə vaksinə vadar edirlər. İnsanlar ya işdən qovulamlı, ya da işləmək, həyatını davam etdirmək üçün vaksinləşməli, çalışdığı müəssisələrə müəyyən sənədlər təqdim etməlidir.
Misal üçün Floridada hər şey fərqlidir. Floridada vətəndaşlardan vaksin tələb edənlər külli miqdarda cərimə olunur. Pandemiya davam etdiyi müddətdə Floridada hər yer açıq oldu, insanlar rahat öz həyatlarını davam etdirə bilirdilər. Amma Kaliforniyada, Nyu-Yorkda bu bir az fərqli baş verdi. İnsanlar gerçəkdən bu xəstəliyə yoluxur, dünyasını dəyişirdi. İnsanlarda panika yaranmağa başladı, bir-birindən ayrı düşdülər. Yalnız telefon vasitəsi ilə bir-biri ilə əlaqə saxlayırlar. Yəni ABŞ-da bir müddət insanlar bir-birindən çox uzaqlaşdılar.
Bu müddətdə anladıq ki, həyatımızda olan insanlar nə qədər dəyərlidir”.
Xəyalə Rəis