Son rəsmi statistikaya görə 2021-ci ildə toyu olan hər 3 cütlükdən biri boşanıb. Boşanmaların bu qədər artmasının səbəbi nədir? Gənclər nədən birgə yaşayış tərzindən tez bir zamanda sıxılır? Bir çox insanlar bunu texnologiyalarla əlaqələndirsə də psixoloqlar onların fikri ilə razılaşmır.
Moderator.az -a mövzu ilə bağlı danışan aparıcı, psixoloq Samirə Rəhimova isə məsələnin kökündə başqa nüansların olduğunu deyir:
"Ailə cəmiyyətin kiçik bir parçasıdır. Cəmiyyətdə baş verən qlobal məsələlər də birbaşa ailəyə də təsir edir. Məsələn, son bir il ərzində pandemiya ilə əlaqəli, toyların keçirilməməsi halları, müəyyən məhdudiyyətlər, iqtisadi durum ailələrin qurulmasının sayını kəskin dərəcədə azaldıb. Statistikaya əsəsən boşanmalar da nisbətən daha çoxalıb. Çünki, iş yerlərinin bağlanması, maddi çətinlik də ailədaxili konfliktlərə təsir edir. Maddi çətinlik olan yerdə ailələrdə qeyri-sabit münasibətlər, konfliktlər, münaqişələr çoxalır. Bu da təbiidir. Cəmiyyətdəki sabit təfəkkürlü insanlar var. Məsələn, dediyimiz valideynlərin müdaxiləsi hər zaman var idi. Əslinə qalsa ildən-ilə valideynlərin övladlarının şəxsi həyatına müdaxiləsi azalmağa doğru gedir. Əvvəllər valideynlər vəziyyəti daha sərt idarə edirdilər. Məcbur şəkildə qurulan evliliklərin sayı indi o qədər də çox deyil. Hətta gəlin-qaynana məsələsi ucbatından boşanma halları statistikaya nəzər yetirsəniz o qədər də, çox olmamalıdır.
Amma yenə də hər hansı bir səbəbdən, ictimai problemlərini həll etmək məqsədi ilə müvəqqəti ailə quranlar, eyni zamanda kimlərinsə tövsiyəsilə və ya təzyiqi altında evliliyə razılıq verənlər də az deyil. Ümumi dəyərlərin olmadığı təqdirdə, ailə qurulma halları daha çox müşahidə olunur. Bir sözlə, evlənərkən münasibətə diqqət yetirməyəndə, bu cür nikahlar müvəqqətidir. Təbii ki, belə olan halda istənilən çətinlik kütləvi sayda ailələrin dağılmasına gətirib çıxara bilər.
Sosial şəbəkələr kommunikasiya üçün, yeni tanışlıqlar əldə etmək üçün bir vasitədir. Bu faktor, əksinə evliliyin sayının artmasına gətirib çıxarmalıdır. Kommunikasiyaları isə, boşanmalara səbəb göstərən insanlar isə, əslində etibar və qısqanclıq zəminində problem yaşayanlardır.
Nəticə etibarilə, belə çıxır ki, valideynlərin bu mövzuda gənclərə təsiri azalıb, texnologiyalar evliliyə təkan verən faktordur, ictimayi və iqtisadi sabitliyin pozulması isə, müvəqqəti durum olsa da, boşanmaların sayının artmasına əsas yardımçı vasitəyə çevrilib".
Xəyalə Rəis