Sosial şəbəkələrdə AzTV-nin jurnalistini şantaj edən şəxsin həbs olunmasının sədrin sifarişi əsasında baş tutması barədə videolar yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün qurumun Sosial Media və İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, sosial şəbəkələrdə yayılan “Aztv sədrinin sifarişi, jurnalist Vəfa Ağabalayevanın böhtanı ilə həbs edilən 3 uşaq atasının həyatı təhlükədədir” başlıqlı xəbər ictimai çaşqınlıq yaratmaq və günahı başqasının boynuna atmaqdan başqa bir şey deyil.
Belə ki, Y. Şəfiyev AzTV-nin deyil, məhz zərərçəkən V. Ağabalayevanın şəxsi müraciəti əsasında həbs edilib. Təbii, Y. Şəfiyevin AzTV-nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməsinə, bir qadın əməkdaşın şərəf və ləyaqətinin alçaldılmasına qurumun rəhbərliyi də biganə qala bilməzdi və sədr dəfələrlə qarşı tərəfi etdiyi əməllərdən geri addım atmağa, xüsusən də şəxsi münasibətlər zəminində yaşanan problemdə AzTV-nin adını hallandırmamağa çağırıb. Lakin Y. Şəfiyev həmin müraciətlərə də məhəl qoymayaraq intim videoları məqsədyönlü şəkildə sosial şəbəkələrdə “aztvxana” adı altında yaymaqda davam edib. Bununla belə, qurum qarşı tərəfə yalnız xəbərdarlıq edib və bu barədə hüquq mühafizə orqanlarına müraciət etməyib. Bir daha qeyd edirik ki, zərərçəkən V. Ağabalayeva şəxsən hüquq mühafizə orqanlarına müraciət edərək məsələni məhkəmə yolu ilə həllinə çalışıb. Yekun qərarı isə məhkəmə verib. O üzdən baş vermiş hadisədə kimisə və ya konkret olaraq AzTV sədrinin adını hallandırmaq sadəcə məsuliyyətsizlikdən və günahı kiminsə üstünə atmaqdan başqa bir şey deyil.”