Bizi sosial şəbəkələrdən izləyin:
“Yaxşı filmin çəkilməsi üçün 4-5 faktor var. Ssenari, ssenari, ssenari, ssenari və pul”.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu fikirləri aktyor Türkay Cəfərli səsləndirib.
“Mədəni şou” proqramında qonaq olan aktyor həmkarlarının mövcud şəraitdən narazı qalsalar da, layihələrdə iştirak etmələrini tənqid edib:
“Kino əslində yaxşı biznesdir, sadəcə bizdə hələ bazar iqtisadiyyatına tam uyğunlaşmayıb. Əgər ayrılan büdcə və yazılan ssenari keyfiyyətli olsa, Azərbaycanda da yaxşı filmlər çəkmək mümkündür. Müəyyən irəliləyişlər var, amma bu, hələ maksimum 30 faizdir. Çünki problem bir qədər də özümüzdən qaynaqlanır.
Əsas məqsədimiz kütlənin düşüncə tərzini dəyişmək olmalıdır. Təəssüf ki, bəzən büdcə və ssenari ilə bağlı problemlər - hətta sui-istifadə halları - film sahəsinin inkişafına mane olur.
Bəzi aktyorlar mövcud vəziyyətdən narazı olduqlarını desələr də, yenə həmin layihələrdə iştirak edirlər. Problem də məhz bundadır. Heç kim ac deyil, insan başqa sahədə də işləyə bilər. Amma həm şikayət edirlər, həm də gedib o layihələrdə həvəslə iştirak edirlər - bəzən elementar şəraitlə razılaşıb, öz geyimləri ilə çəkilirlər. Əgər çəkiliş meydançasında hər kəs öz işini düzgün yerinə yetirsə və artıq səmimiyyət yox, peşəkarlıq ön planda olsa, nəticə daha yaxşı olar”.