Kahramanmaraşda təhsil aldığı məktəbə silahlı hücum edərək qətliam törədən 14 yaşlı İsa Aras Mersinlinin ölüm səbəbi ilə bağlı yeni detallar məlum olub.
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, aralarında iki məhkəmə-tibbi ekspertinin də yer aldığı altı nəfərlik nümayəndə heyəti tərəfindən aparılan araşdırmalar nəticəsində Mersinlinin ölüm səbəbinin sağ ayağındakı kəsici-deşici alətlə açılan yarasından qaynaqlanan böyük damar zədələnməsi və bunun ardınca yaranan xarici qanaxma olduğu qeyd edilib.
Xəbərə görə, məktəbdə silah səslərini eşidən Gənclər və İdman Vilayət Müdirliyində aşpaz işləyən Necmettin Bekçi adlı şəxs dərhal məktəbə gedib. Məktəbin arxa qapısından içəri daxil olan Bekçi pilləkənlərdə Arası zərərsizləşdirməyə çalışan müəllimlər və digər işçilərlə qarşılaşıb. O bildirib ki, hücum edən şəxsin qaçmasının qarşısını almaq üçün əlinə keçən bir bıçaqla ona zərbələr endirib.

"Məqsədim onun oradan uzaqlaşaraq başqalarına zərər yetirməsinin qarşısını almaq idi", - deyə Bekçi bildirib.
Onun sözlərinə görə, qısa müddət sonra əraziyə cəlb olunan polis əməkdaşları hücumçunu təhvil alıblar.
Qeyd olunub ki, Necmettin Bekçinin övladları hadisə baş verən an məktəbdə olublar. Axtarışlardan sonra övladlarının sağ olduqlarını bilib.