Xalq artisti Zümrüd Məmmədova Moderator.az-ın suallarını cavablandırıb.
- Zümrüd xanım, bir neçə ay əvvəl bacınız və yoldaşı koronavirusdan dünyasını dəyişdi. Bu itkilərdən sonra yeganə təsəlliniz nədir?
- Bu bizim üçün ağır itkidir. Hələ də özümə gələ bilməmişəm. Bacım Arzu Məmmədova Aztv-də Ədəbi-Dram redaksiyasında rejissor çalışırdı. Vaksinə qarşı allergiyası var idi. Ona da vaksin vurdular, qıc oldu. Həyat yoldaşı da onun dərdinə dözə bilməyib infarkt keçirdi və o da dünyasını dəyişdi. Bir qız, bir oğlan övladı var. O uşaqlar da mənim himayəmdə yaşayırlar, mən baxıram onlara. Arzum budur ki, vətənə layiq övlad olsunlar. Bacımın qızı 1-ci kursda, oğlu isə 7-ci sinifdə oxuyur.
- Təbii ki, yaxşı həkimlərimiz də var. Ümumiyyətlə həkimlərə, həkimlik peşəsi ilə məşğul olan insanlara nifrət yaranıb içinizdə?
- Vətənimizdə yaxşı həkimlərimiz çoxdur, amma içində pisləri də var. Bacım demişdi ki, mənim allergiyam var, vaksin olmaz. Həkim demişdi ki, get sənəd gətir. Sənədi gətirib həkimə vermişdi, həkim demişdi ki, yox buna iynə vurmaq olar. Dərman da vermişdilər ki, allergiyanın dərəcəsi zəifləsin. Amma hamı bilir ki, allergiyanı müalicə etmək mümkün deyil. O həkimlərdən şikayətim var, amma hacıxanım olduğum üçün pislik etmək istəmədim. Təcili tibbi yardıma nifrətim isə daha böyükdür. Həddindən artıq onlara nifrət edirəm. Təcili yardımlar mənim bacımı öldürdü. Onun vəziyyəti ağır idi, dili qatlanırdı, əlləri qıc olmuşdu. Bizi aldatdılar ki, gəlirik. Onlara inanıb gözlədik. Mən son vaxtlar çox tez-tez eşidirəm ki, vətəndaşlar təcili tibbi yardım çağırır, gəlib çıxmırlar. Mənə elə gəlir ki, təcili tibbi yardım şöbələrində əməlli-başlı təmizləmə işləri aparılmalıdır.
- Zümrüd xanım, bu hadisə ilə bağlı özünüzü az da olsa nədə günahkar görürsünüz? Varmı belə peşmanlıq içinizdə?
- Əlbəttə ki, peşmanlığım çoxdur. Mən bilsəydim ki, bunlar bizi saymayacaqlar, öz maşınıma qoyub onu xəstəxanaya çatdırardım. Onun allergiya iynəsi vaxtında vurulsaydı bacım yaşayacaqdı. Bəlkə də onun ölümündə ən birinci günahkar mənəm, çünki tibb işçilərinə, nifrət etdiyim təcili tibbi yardıma inanmışdım.
- Bacınız həyat yoldaşını çox sevirdimi?
- Bəli, bacımla həyat yoldaşı bir-birini çox istəyirdilər. Hətta bacımı istəyəndən 8 il sonra ona vermişdim. Bilsəydim ki, bunların sevgisi belə güclüdür, istəyən kimi birinci dəfədən onu həmin şəxsə verərdim. Bacımın həyat yoldaşı əczaçı idi, həkim idi, bacım isə incəsənət adamı idi. Hər zaman fikirləşirdim ki, incəsənət adamı eyni peşə sahibi ilə ailə həyatı qursa yaxşıdır. Həkim onu başa düşməz, çünki bütün günü, hətta gecələr çəkilişlərdə, montajlarda olur. Nə biləydim ki, onların sevgiləri güclü idi?! Sən demə əsl Leyli və Məcnun bunlar imiş.
- Zümrüd xanım, yəqin ki, bundan sonra onları sənətinizdə, xatirənizdə, nəğmələrinizdə yaşadacaqsınız. Nəsə düşünürsünüz?
- Mən onları bir dəqiqə də olsun unutmuram. Bacım Arzunun yoxluğuna inanmıram. Kimsə dünyasını dəyişəndə 100 dəfə ona rəhmət oxuyuram, amma bacımın ölümünə inanmıram, dilimə gətirə bilmirəm ki, “Allah rəhmət etsin” sözünü deyim. Elə bilirəm ki, hər zaman yanımdadır. Çünki onu cavanlığımdan mən saxlamışam, ona övladım kimi münasibət göstərmişəm. Atam dünyasını dəyişəndən sonra anama və iki bacıma özüm baxmışam. Onlara həm atalıq, həm bacılıq, həm də qardaşlıq etmişəm.
- Həyat həqiqətən də qısadır. Bir də görürsünüz ki, sənətçilər, yaxud adi insanlar bir-biri ilə qalmaqal edirlər. Onlara tövsiyyəniz nə ola bilər?
- Həyat həqiqətən də qısadır. İnsan bilmir ki, bir dəqiqə sonra başına nə gələ bilər? Ona görə də yaxşılıq etmək lazımdır ki, dünyanı dəyişəndən sonra hamı sənin üçün rəhmət oxusun. Yaxşılıqdan başqa heç kim o biri dünyaya heç nə apara bilmir. Hamıya can sağlığı arzu edirəm. Allah heç kimin yaxınlarını yanından vaxtsız aparmasın.
- Sənətinizdə nə var, nə yox? Yeniliklər düşünürsünüz?
- Düzdü bacım dünyasını dəyişəndən sonra pessimist hisslərə qapıldım, amma sənətimdə heç vaxt durğunluq yaşanmayıb. Mən Bakı Musiqi Akademiyasının baş elmi işçisiyəm. Pandemiya vaxtı bəzi insanlar dedi ki, çox darıxdıq, amma deyərdim ki, mənə vaxt çatmayıb. Elmi işlərimlə, pedaqoji fəaliyyətimlə məşğul oldum. Onlayn şəkildə keçirilən seminar və konfransalara qatılmışam. İndi istəsək də sənətimizlə ürəyimiz istəyən kimi məşğul ola bilmirik. İnşallah ki, pandemiya bitər və biz də ürəyimiz istəyən kimi sənətimizlə məşğul olarıq. Qızım İlahə Qismətin pandemiya dövründə bir çox əsərləri yaranıb, yeni mahnıları var. İnşallah ki, yaxşı olar.