Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə olaraq nazirlərin iclasına ayrıca gün ayrılıb.
Moderator.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Anar Quliyev bildirib ki, artıq Nazirlər İclasının açılış sessiyası baş tutub və növbəti mərhələdə müxtəlif ölkələri təmsil edən rəsmilər və nazirlər hesabatlarla çıxış edəcəklər.
“Adətən sessiya beş gün davam edirdi. Bu dəfə isə proqram altı günlük formatda təşkil olunub və bugünkü gün tam şəkildə Nazirlər İclasına həsr edilib”, – deyə komitə sədri qeyd edib.
Anar Quliyev vurğulayıb ki, WUF13 çərçivəsində müxtəlif formatlı tədbirlər, yeni təşəbbüslər və təqdimatlar keçiriləcək.
“Azərbaycan tədbirin ev sahibi kimi ilk növbədə sessiyanın yüksək səviyyədə təşkilinə və iştirakçılar üçün əlverişli şəraitin yaradılmasına önəm verir. Bununla yanaşı, ölkəmiz BMT-yə üzv dövlət olaraq qlobal şəhərsalma və dayanıqlı inkişaf müzakirələrinə öz töhfəsini verəcək, bir sıra təşəbbüslərlə çıxış edəcək”, - deyə Anar Quliyev əlavə edib.