ADP İdarə Heyəti növbəti toplantısını keçirib
Siyasət
228
18:10, Bu gün

ADP İdarə Heyəti növbəti toplantısını keçirib

 
Dost ölkələrdə “erməni soyqırımı”na aid tədbirlərin keçirilməsi qətiyyətlə pislənilib...
 
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları son günlər İranla ABŞ arasında atəşkəsə dair danışıqların aparılması istiqamətində atılan addımları müsbət dəyərləndirib və hər iki ölkəni regionda, eləcə də dünyada sülhün və təhlükəsizliyin qorunmasına, müharibə alovunun söndürülməsinə yönəlik siyasi iradə göstərməyə çağırıb.
 
İdarə Heyəti Ukrayna prezidenti V.Zelenskinin Azərbaycana işgüzar səfərinin nəticələri ətrafinda fikir mübadiləsi aparıb və bir sıra vacib sahələr, o cümlədən hərbi-texniki sahə üzrə əldə edilən razılaşmaların hər iki ölkənin milli maraqlarına, bölgədə sülhün və təhlükəsizliyin qorunmasına xidmət etdiyinə əminliyini ifadə edib. Qarşılıqlı hörmətə və yüksək etimada əsaslanan bu görüşdə Rusiya və Ukrayna prezidentlərinin yaxın gələcəkdə sülh danışıqları ilə bağlı baş tuta biləcək görüş yerlərinin paytaxt Bakımız olması barədə səslənən fikirlər, Azərbaycanın sülhə sadiqliyini təsdiq etməklə yanaşı, bu görüşün hər hansı bir üçüncü ölkəyə qarşı olmadığının da aydın göstəricisi kimi dəyərləndirilib.
 
İdarə Heyəti Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES- 26” çoxmillətli təlimlərdə Azərbaycan ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə bağlı məsələyə münasibət bildirib və bu təlimlərdə iştirakın ordumuzun döyüş hazırlıq səviyyəsinin artırılması, praktik vərdişlərə yiyələnməsi baxımından önəmli əhəmiyyət daşımasını diqqətə çatdırıb.
 
İdarə Heyəti Rusiya rəsmisi Overçukun Rusiyada Azərbaycan dilinin inkişaf etdirlməsi ilə bağlı təşəbbüslər irəli sürməsini bu ölkənin Azərbaycanda rus dilinin geniş yayılması, dövlət hesabına fəaliyyət göstərən orta və ali məktəblərin sayının artırılması müqabilində etdiyi kiçik jest kimi qiymətləndirib və hakimiyyəti bu cür təşəbbüslərə həssas yanaşmağa, imperialist iddialı bir dövlətin öz dilini ölkəmizdə geniş yaymaq cəhdlərini önləməyə çağırıb.
 
İdarə Heyəti Ermənistanda keçiriləcək seçkilər ərəfəsində Rusiyanın təhriki ilə bu ölkədə millətçi-radikal qüvvələrin fəallaşmasından, sülh carçısı və ölkəsində demokratik, şəffaf, bərabər əsaslarla seçki keçirməkdə israrlı olan Paşinyan hakimiyyətini devirmək üçün hər cür cəhdlər göstərilməsindən ciddi narahat olduğunu bildirib və üçüncü ölkələrin Ermənistanda keçirilən seçkilərə müdaxiləsinin yolverilməz olduğunu qeyd edib.
 
İdarə Heyəti son günlər bir sıra Şərqi Avropa ölkələri rəhbərlərinin Bakıya olan işgüzar səfərlərinə diqqət çəkib və bu görüşlərin qarşılıqlı iqtisadi, faydalı əməkdaşlığa xidmət etməsi ilə yanaşı, ölkəmizin Avropa evinə inteqrasiya olunması, beynəlxalq əlaqələrinin genişlənməsi, strateji məqsədlərimizin həyata keçirilməsində etibarlı partnyorların etimadının qazanılması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
 
İdarə Heyəti qondarma soyqırımı özündə ehtiva edən 24 aprel günündə Ermənistanda Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasından, həmçinin bu günlə bağlı Ukrayna, Gürcüstan və digər dost olan ökələrdə “erməni soyqırımı”na aid tədbirlər keçirilməsini qətiyyətlə pisləyib və əhatə dairəsi türk-müsəlman xalqlarının yaşadığı Cənubi Qafqaz, Orta Asiya, Türkiyə və Cənubi Azərbaycan boyu yayılan bir ərazidə bu soyqırımı törədən, məhz arxasında böyük güclərin durduğu ermənilərin törətdiyini diqqətə çatdırıb.
 
İdarə Heyəti qarşıdan gələn və xalqımız üçün böyük faciələrə, işğal və ilhaqa yol açmış qanlı 28 aprel günü ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd olunub ki, Azərbaycan Demokratik Respublikasının varlığına son qoyulması ilə başlayan 28 aprel hadisələri xalqımıza saysız-hesabsız müsibətlər yaşatmışdır. Bu proses nəticəsində maddi və mənəvi sərvətlərimiz talan edilmiş, torpaqlarımızın bir hissəsi Ermənistana verilmiş, milli ziyalılarımız məhv edilmiş, bir çoxları ağır işgəncələrə və sürgünlərə məruz qalmışdır.
 
Eyni zamanda, dilimiz və mədəniyyətimiz sıxışdırılmış, qardaş Türkiyə ilə və cənubda yaşayan soydaşlarımızla tarixi bağlarımız qoparılmışdır. Bütün bu ağır nəticələrin əsası məhz həmin məşum gündə qoyulmuş və bu məkrli siyasət ötən əsrin sonlarınadək amansız şəkildə davam etdirilmişdir.
 
Partiya rəsmiləri 28 aprel tarixini xalqımız üçün işğal günü kimi qiymətləndirib və hakimiyyəti bu günün əsas müəllifi olan, həmçinin hazırda da işğalçı siyasətindən əl çəkməyən Rusiya ilə münasibətlərdə daha həssas və uzaqgörən siyasət yürütməyə çağırıblar. Bununla yanaşı, yadelli işğalçılara qarşı xalqın müqavimət gücünün artırılması istiqamətində məqsədyönlü addımların atılmasının da vacibliyi vurğulanıb.
 
Sonda cari məsələlərlə bağlı da müzakirələr aparılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər