“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” - Qüdrət Həsənquliyev
Siyasət
432
14:37, Bu gün

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
 
Millət vəkili bildirib: “Hörmətli sədr, hörmətli həmkarlar, qonaqlar, media nümayəndələri!
 
Əlbəttə, mən istəyərdim ki, məruzədə bizə məlumat verilərdi ki, Yəni bu, “Lizinq haqqında” qanunu 1994-cü ildə niyə qəbul etdik, sonra niyə 2003-cü ildə ləğv etdik və indi niyə başqa ad altında yenidən qəbul edirik?
 
Qanunun adının dəyişdirilməsi belə əsaslandırılır ki, bu, bir çox ölkələrdə “maliyyə icarəsi” adlanır.
 
Bu baxımdan da Beynəlxalq Xüsusi Hüququn Unifikasiyası İnstitutu tərəfindən 28 may 1988-ci ildə Ottavada qəbul olunmuş beynəlxalq konvensiyaya istinad olunur. Amma həmin sənədin ingilis dilində adı belədir: Convention on International Financial Leasing. Yəni burada da məhz maliyyə lizinqindən söhbət gedir. Hesab edirəm ki, tərcümə də düzgün deyil”.
 
Millət vəkili əlavə edib: “Bundan başqa, hörmətli sədr, əgər biz bu terminlərlə bağlı qanunun adını dəyişiriksə, qeyd etmək istəyirəm ki, Mülki Məcəllədə kifayət qədər beynəlxalq terminlərdən istifadə olunur. Məsələn, servitut, uzufrukt, renta, oferta, aksept, subsidiar, benefisiar, öhdəliyə novasiya nəticəsində xitam verilməsi, faktorinq müqaviləsi, franşazing müqaviləsi, broker müqaviləsi və s.
 
Bu terminlərin çoxunu vətəndaşlar başa düşmürlər. Məsələn soruşsaq ki, maliyyə icarəsi nədir onu da başa düşməyəcəklər, amma “lizinq” deyən kimi insanların çoxu bunu başa düşəcək. Çünki ailə üzvləri, qohumlarında kimlərsə lizinq müqaviləsi ilə hansısa əmlak, avadanlıq, maşın əldə ediblər. Ona görə də, birincisi, bu adı dəyişməyə ehtiyac yoxdur. İkincisi isə qeyd etmək istəyirəm ki, qanunun özünün içərisində yenə də lizinq təşkilatlarından söhbət gedir. Məsələn, 21-ci maddədə qeyd olunur ki, lizinq fəaliyyətinə başlamadıqda Mərkəzi Bank tərəfindən reyestrdən çıxarıla bilər və s.
 
Bundan başqa, toxunmaq istədiyim ən vacib məsələlərdən biri odur ki, arayışda qeyd olunur ki, maliyyə icarəsini, yəni lizinqi səciyyələndirən və fərqləndirən əsas xüsusiyyətlər qanunvericilikdə əks olunmur. Eyni zamanda, bu sahənin dövlətin prudensial tənzimlənməsi və nəzarətindən kənarda qalması maliyyə icarəsi verənlərin maliyyə bazarlarından əlavə resurslar cəlb etməsində çətinliklər yaradır. Amma bu çətinliklərin konkret nədən ibarət olduğu haqda dəqiq məlumat verilmir.
 
İkincisi, qeyd olunur ki, bu qanun layihəsi kiçik orta sahibkarlıq subyektlərinin maliyyəyə çıxışını asanlaşdırmaq çərçivəsində hazırlanıb. Amma bu asanlaşmanın özünü konkret olaraq nədə göstərdiyi izah edilmir.
 
Mən hesab edirəm ki, bir çox hallarda biz yaxşı adlar altında bəzən biznes mühitini məhdudlaşdıran qanunlar qəbul edirik. Məsələn, təkcə 2026-cı ildə üç lizinq təşkilatının ləğv olunduğu barədə məlumatlar var. Daha yaxşı olardı ki, bizə məlumat verilərdi ki, Azərbaycanda neçə lizinq təşkilatı fəaliyyət göstərir.
 
Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır. Əgər bu kommersiya təşkilatıdırsa, niyə Mərkəzi Bankın səlahiyyətləri bu qədər genişləndirilir? Lizinq təşkilatlarının qeydiyyatı yenidən həyata keçiriləcək. Bu isə hesab edirəm ki, bu sahənin ciddi nəzarətə götürülməsinə gətirib çıxaracaq. Biznes fəaliyyətində isə nə qədər çox tənzimləmə və hesabatlılıq olacaqsa, orada biznes inkişaf etməyəcək. Bunu həm Azərbaycan, həm də dünya təcrübəsi göstərir.
 
Ona görə də burada qeyd olunur ki, Mərkəzi Bank icarəyə verənin kapitalının artırılmasını tələb edə bilər. Bir çox geniş səlahiyyətlər verilir. Bu baxımdan ciddi əsaslandırma olmadan bu qanunu qəbul etməyimiz bu sahədə biznes mühitini daha da pisləşdirəcək və ola bilsin ki, hətta monopoliyanın yaradılmasına xidmət edəcək. Ona görə də mən bu qanun layihəsinin əleyhinə səs verəcəyəm”.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər