“The National Interest” Putinin Ukraynadakı oyununun əsas mahiyyətini ortaya qoydu
Qərb Vladimir Putinin Ukraynadakı oyununun əsas mahiyyətini görə bilmir, çünki onun niyyəti Ukraynaya hücum etmək deyil, onun iqtisadiyyatına zərbə vurmaq ola bilər.
Moderator.az xəbər verir ki, bunu ABŞ-ın “The National Interest” nəşri yazır. Jurnalın qeyd etdiyi kimi, hərbi müdaxilə təhlükəsinin Ukraynaya tanklardan daha çox zərbə vurduğunu nəzərə alsaq, Qərb dövlətləri öz bəyanatlarının dolayı nəticələrinə daha çox diqqət yetirməli, həmçinin Kiyevə maliyyə dəstəyi verməlidirlər.
“Rusiyanın Ukraynadakı oyununun əsas mahiyyətini nəzərdən qaçırırıq. Söhbət çox güman hərbi zərbədən getmir. Yayılan xəbərlərə əsasən, sığorta şirkətləri hazırkı şəraitdə sığorta təminatını bu ölkədə uzatmayacağı səbəbindən aviaşirkətlər Ukraynaya gedən beynəlxalq uçuşları dayandıra bilərlər. Nəticə bütün ölkə üzərində uçuşa qadağa zonasının faktiki tətbiqinə gətirib çıxara bilər", - deyə “The National Interest” nəşri yazır.
Ukrayna iqtisadiyyatına zərbələr bir-birinin ardınca gəlir. Xarici investorlar ölkədən qaçıb, digər ölkələrin vətəndaşları isə Qərb rəsmilərinin Ukraynanı tərk etmək məsləhəti ilə hava limanlarına axışır. Ukrayna valyutası ilə rekord aşağı səviyyədə ticarət edilir. Ukraynanın beynəlxalq bazarlara kapital cəlb etmək qabiliyyəti indi praktiki olaraq sıfıra bərabərdir.
Burada hadisələrin xronologiyasını nəzərə almağa dəyər. Rusiya sərhəddə hərbi qruplaşma qurur və maksimalizm ruhunda bir sıra siyasi tələblər irəli sürür: Rusiyanın Şərqi Avropada təsir dairəsinin tanınması və Ukraynanın suverenliyinə təsir etmək hüququ. Qərb dövlətləri bu şantaja boyun əyməsələr də, gözlənilən müdaxilə ilə bağlı məlumatlara istinad edərək, öz vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edirlər. Eyni zamanda, Vladimir Putinin “hələ son qərar vermədiyini” dilə gətirirlər, lakin buradakı insanlar artıq onlara qulaq asmırlar.
Ukraynada getdikcə təşviş artır. Rusiyanın geniş müdaxiləsinin çoxlu insan itkisi ilə nəticələnəcəyindən ehtiyatlanan ABŞ rəsmiləri qeyri-adi addımlar atdılar. Onlar adətən ictimaiyyətə açıqlanmayan kəşfiyyat məlumatlarını açıq şəkildə bildirirlər; təxribatlardan, səhnələşdirilmiş vəhşiliklərdən və minlərlə mümkün ölümdən danışırlar. Bu cür səmimiyyət heyrət doğurur. Məsələn, “The New York Times” heyranlıqla qeyd edir ki, “Rusiya prezidenti Vladimir Putinin onilliklər boyu davam edən informasiya müharibəsindən sonra ABŞ indi öz müəllimini onun öz oyununda məğlub etməyə çalışır”.
Həmçinin Moskva da baş verənləri diqqətlə izləyir. Qərb rəsmiləri bu cür məlumatların dərcini diqqətlə ölçsələr də, Kreml bilir ki, adətən qapalı kanallardan keçən məlumatların heç olmasa bir hissəsi indi Ağ Evdən və ya Dövlət Departamentinin brifinqlərindən birbaşa qəzet səhifələrinə çıxa bilər.
Bütün bunları nəzərə alaraq, Ukrayna ərazisindən uçan təyyarələri sığortalayan şirkətləri də başa düşmək olar. Bu insanlar Ukrayna haqqında heç nə bilmirlər, amma hər yerdə tank görürlər. Və belədə artıq maliyyə çatışmazlığı yaşayan Ukrayna hökuməti əlavə bir neçə yüz milyon dollar ayırmalıdır - yoxsa ölkədə faktiki olaraq uçuşa qadağan zona yaradılacaq.
Moskvanın tələbləri siyasi xarakter daşıyır. Moskva Ukrayna iqtisadiyyatını sarsıtmağa və prezident Vladimir Zelenskiyə təzyiq göstərməyə çalışır ki, ya təslim olsun, ya da hökuməti devrilsin. Göründüyü kimi, heç kimin gözləmədiyi sığorta fəlakəti bir neçə saat ərzində baş verdi. Və bu, şübhəsiz ki, hər kəsin əsəblərinin tükəndiyi bir vaxtda sonuncu hadisə deyil.
Hələlik Rusiyanın məqsədi müdaxilə qorxusundan, eləcə də qlobal rabitə meqafonundan silah kimi istifadə etməkdir. Bütün dünya Ukrayna sərhədində Rusiya tanklarının, yük maşınlarının, raket sistemlərinin sonsuz cərgələri ilə dolu qarla örtülmüş tarlalara tamaşa edir. Əgər onlar orada qalsalar, dünya tezliklə onlara diqqət yetirməyi dayandıracaq. Sığorta agentləri artilleriya qədər təhlükəli deyil. Ancaq ukraynalılar hələ də ərzaq məhsulları almalıdırlar, kirayə pulu ödəməlidirlər, uşaqlarını məktəbə aparmalı və həyatlarını yaşamalıdırlar. Amma onların iqtisadiyyatı çökərsə, bunu etmək xeyli çətinləşəcək.
2008-ci il hadisələrinin göstərdiyi kimi, iqtisadi böhranlar mənəvi ruhu sarsıdır və siyasət dəyişikliklərinə səbəb olur. Ukraynaya yönəldilmiş silahların çoxluğunu və hər bir insanın cibində tarixin ən böyük söz-söhbət gəzdirən texnikasının (telefon – red.) olduğunu nəzərə alsaq, Ukrayna təkcə Rusiya ordusunun təhdidi altında deyil.
“Palçığı və tankları unudun. Təbliğat, təşviş və təzyiqdən danışmaq vaxtıdır. Təşvişdən qaçmaq üçün Qərb hökumətləri yaydıqları məlumatların yan təsirlərini diqqətlə nəzərdən keçirməlidirlər. Onlar həmçinin Ukrayna iqtisadiyyatını qorumaq üçün bütün mümkün tədbirləri görməlidirlər. Və nəhayət, böhran zamanlarında asanlıqla yaranan dezinformasiya fırtınalarını ram etmək üçün sosial media ilə əməkdaşlıq etməlidirlər”, - deyə nəşr yekunlaşdırır.
Miraslan