Sabah bütün dünya müsəlmanları Müqəddəs Ramazan ayının başlanmasını sevinclə qeyd etməyə hazırlaşırlar, İslam aləmində “on bir ayın sultanı” adlandırılan bu müəqəddəs ayda hamı oruc tutmağa, Allaha xoş gedən əməllər etməyə çalışır, bununla da günahlarının bağışlanacağına ümid edirlər. Ancaq deyəsən Azərbaycanda bəzi insanlar var ki, onlar üçün halalla haramın, savabla günahın sərhədləri bəlli deyil.
Gəncəylə Goranboy arasındakı Dəliməmmədli deyilən yerdə (Dəliməmmədli çoxdan şəhər statusu alsa da çoxları üçün hələ də harada yerləşdiyi belə qaranlıqdır.) tikintisi yarımçıq qalmış məscid insan oğlunun naqis keyfiyyətlərindən xəbər verir. Günümüzdə nəinki şadlıq saraylarının, kafe və restoranların, hətta fahişəxanaların, gecə klublarının tikintisi üçün icazə verildiyi halda Allah evinin tikintisinə əngəl törədilməsi heyrət doğurmaya bilməz.
Moderator.az saytı bir müddət öncə məscidin tikintisinin dayandırılmasının səbəblərinə dair yerli sakinlərdən əldə etdiyi məlumatları dəqiqləşdirmək üçün Dini Qurumlar üzrə Dövlət Komitəsinin iki sədr müavininə-Gündüz İsmayılova və Səyyad Arana müraciət etsə də hər iki yüksək çinli dövlət məmuru Dəliməmmədli məscidinin tikintisinin nədən yarımçıq qalması səbəbinə aydınlıq gətirə bilməyib. Hər ikisi məsələni araşdırmaq üçün bir sutka vaxt istəsələr də sonradan davamlı zənglərimiziə cavab verməyiblər. Biz də şübhələndik görək nə baş verib ki, adətən mətbuat üçün açıq olan, keçmiş həmkarlarımız olan bu məmurlar cavab verməkdə çətinlik çəkirlər? Ona görə də Moderator.az saytı Ramazan ayının ən vacib sualına cavab tapılması üçün mövzunu ictimai müzakirəyə çıxarır, Sizcə bu cür nəcib və xoşməramlı işi gözü götürməyənlər kimlərdi? Hansı səbəbdən bu məscidin tikintisi dayandırılıb, hətta ilk vaxtlar onu sökmək, yerlə yeksan etmək qərarı verilib, sonradan etirazlardan qorxub bu qərardan vaz keçmək zorunda qalıblar?