Moderator.az xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Hürriyyət” qəzetinə açıqlamasında qondarma Dağlıq Qarabağ respublikasının rəhbəri Bako Saakyanın Rusiya tərəfindən “Böyük Pyotr” ordeni ilə təltif edilməsinə münasibət bildirib. M.Əliyev öncə B.Saakyana verilən ordenin dövlət tərəfindən deyil, ictimai təşkilat tərəfindən verildiyinə diqqət çəkib:
“Böyük Pyotr” ordeni dövlət ordeni deyil. Bu, ictimai qurum tərəfindən verilən ordendir. Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyası var, hansı ki, ordeni də bu qurum verib. Lakin bu təşkilatda əvvəl orduda, təhlükəsizlik orqanlarında çalışan insanlar da var. Bu ordenin verilməsi fonunda diqqət çəkmək istədiyim bir məqam var. B.Saakyan Fransaya gedəndə, senatda görüşlər keçirəndə rəsmi Paris bəyan edirdi ki, bu onun şəxsi səfəridir, onu Fransa dövləti dəvət etməyib və bu məsələdə Fransa dövlətinin məsuliyyəti yoxdur. Britaniyaya dəvət alanda da Böyük Britaniya yetkililəri bildirirdi ki, bu səfərlə bağlı dövlət heç bir məsuliyyət daşımır, çünki onu dövlət dəvət etməyib. Qərb yetkililərinin Qarabağ səfəri ilə bağlı da Avropa dövlətləri oxşar bəyanatlarla çıxış edirlər. Bunu şəxsi səfər kimi qiymətləndirir və özlərini məsuliyyətdən kənarda saxlayırlar. Bu gün Rusiya da orden məsələsində eyni dəsti-xətti həyata keçirir. İşğalçı rejimin başında dayanan şəxsə orden dövlət tərəfindən deyil, ictimai təşkilatın adından təqdim olunur. Bir sözlə, həm Fransa, həm Böyük Britaniya, həm də Rusiya baş verənləri qeyri-rəsmi olay kimi dəyərləndirir. Hər üç dövlətin bu məsələdə münasibəti, mövqeyi üst-üstə düşür. Əslində Azərbaycana bu formada təzyiq göstərilir. Bu bir faktdır”.
M.Əliyevin sözlərinə görə, bütün bunlar Qərb və Rusiyanın Azərbaycanla bağlı məsələdə vahid siyasi mövqeyə malik olduğunu göstərir:
“Azərbaycanla bağlı bu dövlətlər arasında vahid siyasi mövqe mövcuddur. Bu dövlətlər Qarabağ problemi vasitəsi ilə Azərbaycana təzyiq göstərirlər. Qərbin yürütdüyü siyasətə Rusiya da qoşulur. Rusiyanın bu oyuna qoşulması xüsusilə maraqlıdır. Çünki ola bilsin ki, Rtusiya bu oyun daxilində öz oyununu oynasın. Lakin bu gün görünən odur ki, Azərbaycanla bağlı xaricdə vahid siyasət formalaşıb”.
M.Əliyev Azərbaycan cəmiyyətinin susqunluğuna da aydınlıq gətirdi:
“Bu gün Azərbaycan cəmiyyətini elə bir vəziyyətə salıblar ki, onların belə belə bir təpgi ortaya qoyması mümkün də deyil. Siyasi partiyalara gəlincə, onlar da yəqin ki, sabahda, birisigündə bir bəyanat verməklə mövqlərini ortaya qoyacaqlar. Necə ki, digər məsələlərlə bağlı bu cür bəyanatlar verirlər. Əsas söz və əsas təpgi dövlət tərəfindən olmalıdır. Baxmayaraq ki, bu ordeni ictimai təşkilat verib. Rusiya da baş verənləri bu fonda şərh edə bilər. Lakin qeyd etdiyim kimi, bu, müəyyən bir oyundur. Bildiyiniz kimi, Rusiyada avtoritar bir üsul-idarə mövcuddur və əgər Putinin razılığı olmasa idi kimsə kiməsə belə bir orden verə bilməzdi”.
M.Əliyev vaxtiylə bu təşkilatın mərhum prezident Heydər Əliyevi də mükafatlandırdığını vurğuladı:
“Bu təşkilat Heydər Əliyevə də orden verib. Özü də H.Əliyev bu akademiyanın fəxri üzvü olub”.
M.Əliyev rəsmi Bakının susqunluğunu onun Rusiyadan çəkinməsi ilə izah etdi:
“XİN bəzi olaylarla bağlı bəyanat yaysa da, bu hadisə ilə bağlı heç bir bəyanat yaymayıb. Görünür, rəsmi Bakı Rusiyadan kifayət qədər ehtiyat edir. Ümumiyyətlə, Azərbaycan tərəfi həmişə Rusiya ilə çox yumşaq davranıb”.
Seymur Əliyev