Torpaqlarımızın 20%-nin hələ də erməni işğalı altında qalması, Qarabağ probleminin heç cür öz həllini tapmaması, qondarma “erməni soyqırımının” tanınması tendensiyasının sürətlənməsi iqtidar düşərgəsindəki əksər siyasilər tərəfindən dünyanən aparıcı dövlətlərinin xristian təəssbkeşliyi siyasəti ilə izah edilməkdədir. Bu qəbildən olan siyasilərin sözlərindən belə məlum olur ki, Ermənistanın ən böyük üstünlüyü onun xristian dövləti olması ilə bağlıdır və bircə bu faktor onun dünya dövlətləri tərəfindən haqlı-haqsız, yerli-yersiz dəstəklənməsi üçün kifayət edir.
Bəli, nə qədər absurt
görünsə də, ölkə başbilənləri öz səriştəsizliklərini xristian həmrəyliyi
faktoru ilə ört-basdır etməyə, öz bacarıqsızlıqlarını bu ad altında pərdələməyə
çalışır.Və bəzən səs-səsə verən, nəhəng orkestr təsiri bağışlayan bu xorun sədası
o qədər güclü, fikirləri o qədər təlqinedici olur ki, insan bir anlıq müsəlman
olduğuna görə günah və peşmançılıq hissi keçirir.
İnsana bir anlıq da olsun
elə gəlir ki, Qarabağ probleminin bugünə qədər həll olunmamasına səbəb onun, eləcə
də bütün xalqın müsəlman olmağıdır. Sanki müsəlman olmaqla böyük bir səhvə,
tarixi bir yanlışa imza atmışıq və bu gün həmin səhvin, həmin yanlışın hesabını
ödəməkdəyik. Sanki müsəlman olmasaydıq, ermənilər nəinki bir qarış torpağımıza
göz dikməyəcək, bizə “gözün üstə qaşın var” belə deməyəcək, ABŞ, Fransa, Rusiya
kimi dövlətlər isə öz milli maraqlarını bizim maraqlarımıza qurban verəcəkdi.
Hakimiyyət təmsilçilərinin
“xristian həmrəyliyi” nağılına qulaq asdıqca insan beyni bu iddiaların özü kimi
qəribə və məntiqsiz düşüncələr istehsal edir. Adama elə gəlir ki, sanki erməniyə
erməni xislətini bəxş edən, Rusiyanı Qarabağın işğalına təhrik edən bizim müsəlmanlığımız
olub. Sanki bütün uğursuzluqlar İslam faktoruna bağlıdır.
Bütün bu sərsəm bəyanatlar fonunda bir
milyondan çox məcburi köçkünü, minlərlə şəhidi, Xocalı soyqırımını, yaşanan
bunca faciəni gözləri önünə gətirən insanda bütün bunlara bir son vermək istəyi
baş qaldırır. İnsan hakimiyyətin bu son bəhanəsini də əlindən almaq, onu fakt
qarşısında qoymaq üçün “xristian olmaq” istəyir.
Şübhəsiz, normal ağla və
məntiqə malik hər bir kəs yaxşı bilir ki, baş verən olayları birmənalı şəkildə xristian
həmrəyliyi ilə əlaqələndirmək, diplomatik və hərbi uğursuzluqları bu ad altında
pərdələmək əsassızdır və Azərbaycan başdan-başa xristian məmləkəti olsaydı belə,
hakim elitanın bunca bacarıqsızlığı fonunda xalq və dövlət olaraq indikindən
heç də yaxşı mənzərə ilə qarşılaşmayacaqdı.
Biz Qarabağın timsalında
torpağımızı, əsir qız-gəlinlərimizin timsalında qeyrətimizi, Şuşanın timsalında
qürurumuzu, Kəlbcərin timsalında mətinliyimizi, Xocalının timsalında dəyanətimizi
itirmişik. Biz bütün digər təbii sərvətlərimiz, maddi nemətlərimiz kimi başlıca
iftixar mənbəyimiz olan neft və qazımızın da sahibi deyilik və bizə məxsus
olması gərəkən bütün bu sərvətlər ermənilərə dəstək verməkdə ittiham olunan
dövlətlərin büdcəsinə axır.
Bu gün bizim sahib
olduğumuz yeganə sərvət dinimizdir. Və onun xaricində itirə biləcəyimiz heç nə
qalmayıb. İslam bizi yenidən biz edə biləcək yeganə gücdür. Və bizim ondan
düşüncə olaraq imtina etməyimiz belə bizim bir xalq kimi məhvimiz demək olar. Həzrəti
Əlinin dediyi kimi: “Dini məhv olanın özü həlak
olmuşdur”.
Odur ki,
bütün fəlakətlərimizi dünyanın xrsitian həmrəyliyinə bağlayan siyasətçilərimiz
bu nağıla bir son verməli, bütün problemlərə hazır bəhanələr axtarmaq əvəzinə
onarın həlli istiqamətində əmək sərf etməlidir. Əgər bu baş verərsə, o zaman biz
də müsəlman olmağımıza görə günah duyğusu hiss etməz, xristian olmadığımıza görə
peşmanlıq hissi keçirmərik.
Seymur Əliyev
e-mail: [email protected]