“Hər zaman hər yerdə şərtləri güclü tərəf diktə edib və bu həqiqət Azərbaycan-Ermənistan münasibətləri üçün də keçərlidir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Elspert qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın regionda şəriksiz lider olduğunu bütün dünyaya göstərdi və ölkəmizin bu liderliyi qarşıdakı illərdə də dəyişilməz olaraq qalacaq:
“2020-ci iln 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ermənistan ordusunu darmadağın edərək ərazi bütövlüyünü təmin etdi. Eyni zamanda, ölkəmiz bununla sübut etdi ki, o, həqiqətən də Cənubi Qafqazın ən güclü dövlətidir.
Hesab edirəm ki, Azərbaycan bundan sonra da öz liderlik mövqeyini qoruyub saxlayacaq, regionun siyasətini müəyyənləşdirən əsas dövlət olacaq. Bu isə o deməkdir ki, sülh müqaviləsinin imzalanmasına süni yollarla əngəl yaratmağa çalışan Ermənistanın Azərbaycan qarşısında heç bir şansı yoxdur və İrəvan gec-tez rəsmi Bakının şərtlərini qəbul etməyə məcbur olacaq. Kimin nə deməyindən, nə arzulamağından asılı olmayaraq, Azərbaycan güclü tərəf kimi bundan sonra da istədiyinə nail olacaq, öz maraqlarını qətiyyətlə müdafiə edəcək.
Buna görə də, Ermənistan üçün ən məqbul variant vaxt itirmədən Azərbaycanla anlaşmaq, onun şərtlərini qəbul etməkdir”.
Seymur ƏLİYEV