Ekskluziv
2283
17 Nov 2023 | 16:08

"Sionist rejimi hörümçək torundan da zəifdir": İran İsrail ilə savaşda HƏMAS-a nə vəd edib?

 
"Qardaşlarınız bu vəhşi düşmənə və onun arxasında duranlara Qəzza və onun qəhrəman sakinləri üzərində hökmranlıq etməyə, Qəzzada və Fələstində öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcək..."
 
İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Kaani bəyan edib ki, İsrailin Qəzza bölgəsində hökmranlıq etməsinə imkan verilməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı İranın "İrna" dövlət agentliyinə istinadən məlumat verib. Məlumatı "mk.ru" nəşri yayıb.
 
Onun sözlərinə görə, İran HƏMAS-a yəhudi dövləti ilə savaşqa kömək üçün "bütün mümkün olanları" edəcək.
 
Kaani HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qasım" qruplaşmasının gizli lideri Məhəmməd Deyfə dəstək məktubu göndərib.
 
Məktubda o, Deyfi "canlı şəhid" adlandırıb və vurğulayıb ki, oktyabrın 7-də "Əl-Qasım briqadaları"nın başladığı "Əl-Aksa tufanı" əməliyyatı "sionist rejiminin zəifliyi və kövrəkliyini", onun "hörümçək torundan da zəif" olduğunu, qruplaşma döyüşçülərinin isə "təşəbbüs və novatorluq" qabiliyyətini nümayiş etdirib.
 
"Əmin olun ki, sizin "Əl-Qüds" və müqavimət oxundakı qardaşlarınız bu vəhşi düşmənə və onun arxasında duranlara Qəzza və onun dəyanətli, qəhrəman sakinləri üzərində hökmranlıq etməyə və onun Qəzzada və Fələstində öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcək", - İsmayıl Kaaninin məktubunda deyilir.
 
"Müqavimət oxu" deyəndə İİKK komandanı İraq, Suriya, Livanda İran tərəfindən dəstəklənən şiə qruplaşmaları və dəstələri, həmçinin Yəməndə davakar husiləri nəzərdə tutur.
 
Kaani həmçinin yazır ki, İran "vəsiyyət, iman öhdəliyi və qardaşlığı" təsdiq edir və əmin edir ki, "müqavimətə dəstək" məqsədilə "bu tarixi döyüşdə edilməli olan hər şeyi" edəcək.
 
"Öz adımdan və İran İslam Respublikası rəhbərliyində olan qardaşlarınız adından sizi və iman uğrunda bütün döyüşçüləri, habelə bütün Fələstin xalqını bu zəfər qələbəsi və sionist qurumu ilə mübarizədə misilsiz unikal nailiyyətlər münasibətilə təbrik edirəm", - məktubda deyilir.
 
Qeyd etmək lazımdır ki, bütün səxavətli vədlərə və İsrailin ünvanına gurultulu təhdidlərə rəğmən, general Kaani fələstinli qardaşlarını Tehranın HƏMAS-ı xilas etmək naminə döyüşə qoşulacağına əmin etməyib.
 
Kaaninin başçılıq etdiyi İranın "Əl-Qüds" xüsusi təyinatlıları İİKK-nın elit hərbi-siyasi birləşməsidir və İran ərazisinin hüdudlarından kənarda xüsusi əməliyyatların həyata keçirilməsinə cavabdehdir.
 
General Kaaninin "Əl-Qasım briqadaları"na ünvanlanan məktub "Reuters" agentliyinin  İranın Ali Dini Lideri Ayətullah Xameneinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşündə İranın İsraillə müharibəyə girməyəcəyi bəyanatı barədə məlumatından sonra ertəsi gün dərc edilib. 
 
HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi Usama Həmdan hətta bu məlumatı təkzib etməli və özünə haqq qazandırmalı olub. O, bunu "təmiz yalan" adlandırıb. Tehran isə, sadəcə, susub və heç nəyi şərh etməyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər