“Məlumdur ki, şəhər həyatında gündəlik həyat fəaliyyətinin təşkil olunmasında nəqliyyat mühüm rol oynayır. Bildiyimiz kimi bu gün böyük şəhərlərdə taksi xidmətindən istifadə gündəlik iş və məişət məsələlərinin qısa vaxt ərzində həlli üçün geniş istifadə olunan vasitədir. Paytaxt Bakıda taksi xidməti sərnişin daşıma xidmətləri içərisində olduqca geniş istifadə olunur. Hazırda Bakı şəhərində taksi sayı təxminən 67000 civarındadır. Bu gün taksi daşıyıcılarının 90 %-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyyətini həyata keçirir. Mövcud Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir. Lisenziyaların yerinə gələn fərqlənmə nişanını almaq üçün istər sürücüyə, istərsə də avtomobilə münasibətdə hər hansı tələb qoyulmur. Bu bir tərəfdən bazarda rəqabəti artırır. Digər tərəfdən isə sərnişinlər bu cür daşımaları həyata keçirən sürücülərin təhqirinə məruz qalır. Lakin hazırda sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışı ilə bağlı tədbirlər görmək mümkün olmur. “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən deyə bilərik ki, taksi daşıyıcıları və aqreqatorları icazə əsasında fəaliyyət göstərəcəklər və onların dəqiq uçotu aparılacaq. Taksi aqreqatorları fərdi məlumatlar haqqında Azərbaycan qanunvericiliyinə riayət etməli olacaqlar, həmçinin,taksi daşımalarında qayda pozuntuları ilə bağlı konkret inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Bu sayədə həm taksi fəaliyyəti ilə məşğul olan, həm də taksidən istifadə edən vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması qanun səviyyəsində təmin olunacaq”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, son günlər taksi fəaliyyəti ilə əlaqədar qanuna təklif edilən dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmasa da, əminliklə deməliyik ki, bu Qanun layihəsi həm taksi sürücülərinin, həm də taksidən geniş istifadə edən vətəndaşlarımızın hüquqlarının qorunmasına və təhlükəsizliklərinin təmin olunmasına xidmət edir. Qeyd etməliyik ki, taksilərin iştirakı ilə qəzaların sayının artması danılmaz bir reallıqdır. Taksilərin say çoxluğu, sürücülərin ağır iş şəraiti, eləcə də bir çox sürücülərin qeyri-peşəkarlığı yol-nəqliyyat hadisələrinin sayının artmasına da səbəb olur. Sadəcə bir statistikanı qeyd etmək kifayətdir: 2023-cü ilin 5 ayı ərzində Azərbaycanda taksilərin iştirakı ilə 139 yol-nəqliyyat hadisəsi baş vermiş, 56 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Bu hadisələrin mütləq əksəriyyəti Bakı şəhərində baş vermişdir.
Millət vəkili Tamam Cəfərova fikirlərinin davamı olaraq bildirib ki, bu sahədə keyfiyyəti və xidmət səviyyəsini yüksəltmək üçün taksi fəaliyyəti ilə bağlı qanun çərçivəsində dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda təsdiq olunub. Nəzərdə tutulan dəyişikliklər həm taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, eyni zamanda, qiymətin artmamasına səbəb olacaq. Düşünürəm ki, cəmiyyətdə yaranan çaşqınlığı aradan qaldırmaq üçün Qanun layihəsində nəzərdə tutulan mühüm dəyişikliklərdən bəzilərini xüsusilə qeyd etməliyik. Məsələn, taksi aqreqatorları fərdi məlumatlar haqqında Azərbaycan qanunvericiliyinə riayət etməli olacaqlar. Ona görə ki, Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” qanuna ziddir.Taksi aqreqatorları səfərlər barədə adsızlaşdırılmış məlumatları müvafiq icra hakimiyyəti orqanına ötürməli olacaqlar ki, bu məlumatlar nəqliyyat planlaşdırılmasında istifadə olunacaq. Taksi sürücülərinin iş və istirahət rejiminə nəzarət ediləcək. Həmçinin, son vaxtlar taksi sürücülərinin etik davranış qaydalarına əməl etməməsi, içkili halda nəqliyyata çıxması, aparılan yoxlamalar zamanı bəzi taksi sürücülərinin narkotik vasitələrdən istifadə etməsi halları aşkarlanmışdır. Bütün bu neqativ halların qarşısının alınması məqsədilə taksi sürücüləri etik davranış qaydalarına dair təlimlər keçəcək, həmçinin, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlardan müvafiq arayış tələb olunacaq. Belə deyə bilərik ki, , Azərbaycanda taksi şirkətlərinin fəaliyyətinin düzgün qurulması və tənzimlənməsi istiqamətində Qanuna nəzərdə tutulan müvafiq dəyişikliklər həm sərnişinlərin təhlükəsizliyi, həm də taksi sürücülərinin qanuni mənafelərinin qorunması üçün olduqca vacib məqamdır.
Millət vəkili Tamam Cəfərova belə deyib.