Mayın 7-də Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 538 nəfər qeydiyyatdan keçib.
Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) saat 10:00-da başlanır və 3 saat davam edəcək. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 95, funksional səriştələrin qiymətləndirilməsi üzrə isə 5 tapşırıq təqdim olunacaq.