"Gəlin, mayın 9-da Moskvada, Qırmızı meydanda Putinə "bayram" yaşadaq..."
"Orada çoxlu hərbçi iştirak edəcək və onlar "qanuni hərbi hədəflər" olacaq..."
"Ukraynanın "AeroDrone" şirkəti Kiyevdən Rusiyanın Avropa hissəsinin istənilən nöqtəsinə uçub çata biləcək dronlar istehsalına başlayıb..."
Ukraynalı biznesmen mayın 9-da Qırmızı meydanda drona görə mükafat elan edib
Ukraynanın pilotsuz uçuş aparatları istehsalçısı, "Monobank"ın həmtəsisçisi Vladimir Yatsenko mayın 9-da Qələbə paradı zamanı Qırmızı meydana uçub gələn drona görə 20 milyon qriven (təxminən 930 min man.-red.) məbləğində mükafat elan edib.
Moderator.az xəbər verir ki, bu barədə o, vahid milli telemarafonun efirində elan edib. Məlumatı "Meduza" nəşri yayıb.
"9 may çox yaxşı məqamdır. Çünki Putin Qırmızı meydanda parad keçirməyi planlaşdırır və orada çoxlu hərbçi iştirak edəcək. Yəni, onların sözlərilə desək, bu, "qanuni hərbi hədəflər" olacaq. Ona görə də PUA-lar istehsalına aidiyyəti olanların hamısına çağırış edirəm-gəlin, ona "bayram" yaşadaq...
Mən rəsmən təyyarəsi, əlbəttə ki, hərbçilərin köməyilə mayın 9-da Qırmızı meydana uçub gələn və eniş edən Ukraynanın PUA istehsalçısına mükafat elan edirəm. Mükafatın məbləği 20 milyon qrivendir. Ümid edirəm ki, bu məbləğ istehsalçı və bu vəzifəni uğurla icra edəcək hərbi operatorlar arasında ədalətlə bölünəcək və PUA-ların təkmilləşməsinə yönələcək.
Hər hansı anlaşılmazlığın olmaması üçün dronun qanadlarında Ukrayna şüarları, məsələn, "Ukraynaya eşq olsun!", "Qəhrəmanlara eşq olsun!" və s. olmalıdır. Mən bank açmışam və orada artıq adıma 20 milyon qriven var. Laqeyd olmayanlardan kimsə bu təşəbbüsə qoşulmaq istəyərsə, mən onun məbləğini 40 milyona artırıram", - Vladimir Yatsenko bəyan edib.
Yatsenko həmçinin bəyan edib ki, martın 28-də Moskva ətrafına düşən uktaynalı dron "parada hazırlıq olub".
"Martın 28-də belə xəbər yayılıb ki, hansısa balaca təlim təyyarəsi Ukrayna şüarları ilə Yeni Moskvayadək uçub gəlib. Amma o, yüksək gərginlikli elektrik xəttinə toxunub və biz Qırmızı meydana 45 km qalmış uça bilmədik.
Bu, parada hazırlıq olub. Biz onların necə reaksiya verəcəyini, bizi görüb-görməyəcəklərini yoxlamaq istəyirdik. Deyə bilərəm ki, hər şey yaxşı olacaq. Ona görə də, gəlin, birlikdə onlara "bayram" yaşadaq!" - Vladimir Yatsenko deyib.
Bundan öncə xəbər verildiyi kimi, 2023-cü ilin sonunda Novaya Moskvada dəmiryolları rayonunda Ukrayna bayrağının rənglərində pilotsuz uçuş aparatının qalıqları aşkar edilib. Uçuş aparatının qanadlarında "Ukraynaya eşq olsun!" sözləri yazılıb.
Martın 26-da Moskvadan 200 km aralıda, Tula vilayətində pilotsuz uçuş aparatının partlayışı barədə məlumat verilib. Üç nəfər zərər çəkib. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, zərbə üçün ukraynalı hərbçilər tərəfindən modifikasiya edilmiş "Strij" sovet pilotsuz uçuş aparatı istifadə edilib.
Martın əvvəlində bəlli olub ki, Ukranyanın "AeroDrone" şirkəti Kiyevdən Rusiyanın Avropa hissəsinin istənilən nöqtəsinə uçub çata bilən pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlayıb. Dronların baza avtonom uçuş məsafəsi 1000 km-dən çoxdur, modernləşdirilmiş PUA-lar isə üç dəfə çox məsafə qət edə bilər.