"Futbolçuları başa düşürəm. Çünki mənim kimi təcrübəli mütəxəssis belə, bu vəziyyətdə sıxılır".
Bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev evdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis bildirib ki, psixoloji təzyiqdən çıxmaq çox çətindir: "Komanda saman çöpündən asılı olan məqamda toparlana bilirsə, bu, xarakter deməkdir. Bugünkü futbolun 50-60 faizini əvvəlki görüşlərdə göstərə bilsəydik, hər şey fərqli olardı. Bu gün rəqib imkan verməsə də, oynadıq. Digər matçlarda isə rəqiblər imkan verirdi, biz oynamırdıq".
O, matçın gərgin və yüksək səviyyədə keçdiyini söyləyib: "Qarşılıqlı hücumlar var idi. "Sabah" yaxşı futbol sərgiləyən 2-3 komandadan biridir. Bu sistemə qarşı oynamaq çox çətindir. Kənardan və ortadan qurulan hücumların qarşısını almaq üçün taktiki sarıdan daha savadlı oynamalısınız. Düşünürəm ki, komandam bütün matçı yüksək səviyyədə keçirdi, meydanın hər qarışı uğrunda mübarizə apardı".
Diniyev "Sabah" kimi komandanı udduqları üçün sevindiyini vurğulayıb: "Arxayınlaşmaq olmaz. Çempionatda qalmaq çox çətindir. Üç xal bizə hava-su kimi lazımdır. Bu gün meydana hücumçusuz çıxmışdıq. İki "10 nömrə" ilə oynayırdıq. Qol vurmaq məqamı çatanda meydana forvard buraxdıq. Bir oyundakı qələbə heç nə demək deyil. Məğlubiyyət hər şeyin üstündən xətt çəkə bilər".
Təcrübəli baş məşqçi İlkin Muradovun növbəti turda "Zirə" ilə oyunu buraxacağını əlavə edib: "Aramızdakı anlaşmaya görə, onlara qarşı meydana çıxa bilməz. Bu, centlmen qadağadır. Onu götürəndə söz vermişəmsə, əməl etməliyəm. Cabir Əmirli zədəli olduğundan İlkini bu gün cinahda oynatdım. Onu daha çox yarımmüdafiəçi kimi görürəm".