.
.
.
.
Elə şeylər olur bəzən dünyada,
İnanmaq çətindir, dünya dağıla.
Çarəsiz nağıllar düşürlər yada,
Başına gələnlər sığmırsa ağla,
Artıq inanmağın gəlir nağıla
Divlər bir ananı söyüb döyəndə,
Oğulsa baş divə “sağ ol” deyəndə,
Ölkəmdə birisi ayı yeyəndə,
“Bərəkallah”- deyib belə oğula
Artıq inanmağın gəlir nağıla.
Bir divin əlində milyonlar əsir,
Çırtdanlar qorxudan titrəyib əsir.
Təkcə göydən düşən üç alma kəsir,
Yəqin nağıl yazan dönüb paxıla.
Artıq inanmağın gəlir nağıla.
Danışan dilləri daş edib Simnar,
Kipriyi düzəldib qaş edib Simnar,
Qurdları quzuya baş edib Simnar,
Quzunun həddi nə, üzə ağ ola?
Artıq inanmağın gəlir nağıla.
Lider bir dövlətdən cənnət torpağı
Işğal eyləyibdir dılğır bir yağı.
Necə ki, qarışqa atır şıllağı,
Az qalır dəvələr yerə yıxıla.
Artıq inanmağın gəlir nağıla.
Qaraca çobandı rəhmətlik Xanış.
O qoyun, o quzu, o nağıl tanış.
Can nənə, gəl, yeni bir nağıl danış,
Qıyma ki, Heydərin könlü sıxıla.
Artıq inanmağım gəlir nağıla.