Moderator.az xəbər verir ki, bu gün səhər saatlarında Göygöl rayonunun Hacıməlik kəndinin sakinləri etiras aksiyası keçirib. Bakı-Göygöl-Qazax yolunu bağlayan etirazçılar işıq, qaz, su problemi ilə bağlı bir sıra sosial tələblər irəli sürüblər. Etirazçılar bildirib ki, uzun müddət baxımsız vəziyyətdə qaldığı üçün kənddəki artezian quyuları da sıradan çıxıb ki, bu da sakinlərin su ilə təminatında ciddi problemlər yaradıb. Əlaqədar qurumlardan öz vəzifə borclarını yerinə yetirməyi tələb edən etirazçılar, problemlərin həll edilməyəcəyi təqdirdə qanun çərçivəsində daha ciddi addımlar atacaqlarını bildirib.
Hacıməlik sakinlərinin aksiyası Göygöl Rayonun İcra Hakimiyyəti və sözügedən rayonun hüquq-mühafizə orqanları tərəfindən ciddi narahatlıqla qarşılanıb. Aksiyaçılarla görüşən icra başçısı Arif Seyidov vətəndaşlara bütün problemlərin həll ediləcəyinə söz verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri də insanları təmkinli olmağa və yolu hərəkət üçün açmağa səsləyib. İcra başçısı və digər yetkili şəxslərlə görüşdən sonra vətəndaşlar yolu açmağa razı olub.