Moderator.az-ın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin və şəhər Səhiyyə İdarəsinin birgə təşəbbüsü ilə Hacıkənd qəsəbəsində məskunlaşan Xocalıdan olan məcburi köçkünlərə və qəsəbənin sakinlərinə tibbi profilaktik xidmət göstərilib. Səhər saatlarından start verilən tibbi müayinədə kütləvilik müşahidə olunub.
Xocalı soyqırımının 22-ci il dönümü ilə bağlı olaraq aksiyada insanlar həkimlər tərəfindən müayinədən keçirilib, dərman preparatları ilə təmin olunub. Qəsəbədə məskunlaşan xocalılarla yanaşı digər işğal olunmuş rayonların sakinləri də həkimlər tərəfindən təklif olunan 20-ə yaxın səhiyyə xidmətindən istifadə ediblər.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev bildirib ki, 6 saat davam edən aksiyada 350 nəfərdən çox vətəndaşın müayinədən keçirilməsi planlaşdırılıb. İxtisaslaşmış tibbi müayinəyə, müalicəyə ehtiyacı olanlar şəhər xəstəxanalarına yazılıb. Qəsəbənin ərazisində müayinə profilaktik baxışlardan başqa dezinfeksiya və deratizasiya işləri də aparılıb. Bundan başqa Rentgenflüroqrafik maşının vasitəsilə vətəndaşlarda ultrasəs müayinələr də aparılıb.
Qəsəbədə müvəqqəti məskunlaşan köçkünlər onlara göstərilən səhiyyə xidmətinə görə, öz təşəkkürlərini bildiriblər. Tibbi aksiya çərçivəsində Hacıkənd qəsəbəsində məskunlaşanlara gigiyenik və sanitariya vasitələri, ehtiyac duyulanlara dərman preparatları, antibiotiklər təmənnasız paylanılıb.