General-leytenant Əfqan Nağıyev Azərbaycan xalqı üçün hər zaman “Sirli General” olaraq qalacaq. Sözsüz ki, onunla bağlı fikirlər cəmiyyətdə birmənalı deyil. Haqqında irəli sürülən ittihamlarla bağlı heç nə deyə bilmərəm. Bir məsələdən isə əminəm ki, insanın xarakteri ətrafında olan adamlara münasibəti ilə təyin edilir. Əfqan Nağıyevi tanıyan və vaxtilə onun tabeliyində xidmət edən əsgər, zabit, gizirlərdən generaldan narazı olan bir nəfər belə görmədim, eşitmədim (varsa bura və ya şəxsiyə yaza bilər). Vətən müharibəsində onun reallaşdırdığı taktika ilə Azərbaycan ordusunun səma xətti açılır və bu taktika artıq yenilik kimi hərb kitablarındadır. Dəfələrlə qruplarımızı mühasirədən, pusqudan xilas edir. Onun sayəsində yüzlərlə hərbçimiz indi ailəsinin yanında sağ-salamatdır. Hərbi xidmətdə olduğum vaxtda Sərhəd Qoşunlarında generallar arasında ən sərt və ən ciddi xasiyyətdə onun olduğunu düşünürdüm (elə zabitlər də onun zəhmindən dəhşət çəkinirdilər). Elə buna görə də müsahibədən öncə ciddi bir həyəcan var idi üzərimdə. Lakin tam fərqli bir insan - Azərbaycan ordusunun ən səmimi, güləriz və peşekar generalını tanıdım. Zabiti, giziri, əsgəri üçün hər kəsi qarşısına ala biləcək adamın adının qarşısında yalnız VİCDAN sözü işlənə bilər. Başqasının haqqı üçün sinəsini irəli verən biri haqq yeməz. İndiyə qədər onun haqqında yayımlananlara isə bundan sonra heç kim inandıra bilməz məni.
Elmin Bayramlı, Jurnalist