Moderator.az xəbər verir ki, bu gün Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev səyyar görüş keçirib.
Gəncə şəhər Sadıllı qəsəbəsində keçirilən səyyar qəbulda müxtəlif sahələri əhatə edən şikayət, problem və təkliflər səsləndirilib. Qəsəbə sakinlərini narahat edən əsas məsələlər qəsəbədə uşaq baxçasının, poçt filialının, idman meydançasının yoxluğu ilə bağlı olub.
Bundan başqa yerli sakinlər Sadıllı qəsəbəsində tibb məntəqəsinin inşası, səkilərin və daxili yolların yenidən qurulması ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət ediblər. İcra başçısına ünvanlanan müraciətlər içərisində daha çox işlə və torpaq sahəsi ilə təminat yer alıb. Sakinlərdən Gəray Əliyev ünvanlı sosial yardım ala bilmədiyi üçün, sakin Rəna Məmmədova isə avtoqəza nəticəsində 3 uşaq atası olan oğlunun səhhətində yaranan ciddi problemin müalicəsi məqsədilə Elmar Vəliyevə müraciət ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşları tək-tək dinləyərək problemlərin araşdırılması məqsədilə tapşırıq və tövsiyyələrini verib. Bir sıra problemlər isə yerindəcə öz həllini tapıb. Elmar Vəliyev oğlunun səhhətində yaranmış problemlə bağlı müraciət edən Rəna Məmmədovaya 2.000 manat birdəfəlik maddi yardımın göstərilməsi ilə bağlı göstəriş də verib.
İcra başçısı səyyar qəbuldan sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, qəsəbədə uşaq baxçası, tibb məntəqəsi, polis bölməsi, əhalinin istirahəti məqsədilə park, bankomatların quraşdırılması, qəsəbəyə əlavə marşrut xəttinin açılması, uşaqlar üçün 17 nömrəli orta məktəbin həyətində idman meydançasının tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bu tədbirlər isə əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırlmasına xidmət edir.