Elman Məmmədov: “Düşmən raketlərini Bakıya da, neft-qaz yataqlarımıza da, Mingəçevirə də tuşlamışdı”
Bu gün çoxsaylı media nümayəndələrinin suallarını cavablandıran prezident İlham Əliyev, Ermənistandakı “İsgəndər” raketləri haqqında da maraqlı açıqlamlar verib. Ölkə başçısı qeyd edib ki, hələ müharibə dönəmində Rusiyaya müraciət edərək bu raketləri Ermənistandan geri almağın vacibliyini vurğulayıb:
“O vaxt Ermənistana “İskəndər” raketləri veriləndə mən bu haqda Rusiya rəhbərliyinə məlumat vermişdim. Mən onlara demişdim ki, bu düzgün addım deyil, bu, regionda sabitliyin gücləndirilməsi üçün atılan addım deyil. Bu bizi heç nədən çəkindirə bilməyəcək. Mən müharibə zamanı da Rusiya tərəfində təklif edirdim ki, “İskəndər”i qaytarsın yerinə. Bu günə kimi eyni fikirdəyəm ki, regionda faciəvi hadisələrin qarşısının almağın yeganə yolu raketlərin qaytarılması və onlara bundan sonra pulsuz silah verməmək olardı”.
Ermənistanın Vətən müharibəsi dönəmində Gəncə, Bərdə, Mingəçevir və s. şəhərləri atəşə tutması, qadağan edimiş raketlərdən mülki insanlara qarşı geniş istifadə etməsi faktı nəzərə alınarsa, o zaman “İsgəndər” kimi raketlərin terrorçu dövlətin əlində olması bütün region üçün ciddi təhlükə hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, bu məsələdə Ermənistanı silahlandıran qüvvələrin də məsuliyyət daşıdığını qeyd edib:
“Cinayətkar, terrorçu dövlətin bri neçə rəsmisi – baş naziri Nikol Paşinyan, sabiq prezidenti Serj Sərkisyan, bir neçə erməni general müharibədən sonra açıqlamalar verərək bidliriblər ki, Ermənistan müharibə zamanı əlindəki bütün silahlardan, raket sistemlərindən istifadə edib. Onlar “İsgəndər” raketlərindən də istifadə etdiklərini, bu raketlərin yalnız 10%-nin partladığını bildiriblər. Əgər Azərbaycanın hava hücumundan müdafiə sistemləri effektiv, güclü işləməsəydi, təbii ki, bu raket sistemləri ölkəmizə ciddi ziyan vura bilərdi. Onlar bu silahları Bakıya da, neft-qaz yataqlarımıza da, Mingəçevirə də tuşlamışdılar. Lakin Azərbaycan ordusu, ordumuzun müvafiq qoşun növləri yüksək peşəkarlıq sərgiləyərək düşmən hücumlarının qarşısını aldı.
Ermənistana “İsgəndər” raketləri, digər güclü raket sistemləri verənlər fikirləşmir ki, ermənilər nə müharibə, nə də digər beynəlxalq qanunlara, humanist prinsiplərə əməl edən toplum deyillər. Onlar ağıllarına nə gəlirsə, onu da edirlər. Belə bir toplumun, belə bir ölkənin əlində güclü raketlərin olması böyük təhlükədir. Buna görə də Ermənistanı silahlandıranlar ciddi fikirləşməli, atdıqları addımların hansı nəticələrə səbəb ola biləcəyini dərk etməlidirlər.
Biz düşmənin əxlaqsızlığını, tərbiyəsizliyini bildiyimiz üçün vaxtında bütün hazırlıq işlərimizi görür, hər cür təxribata hazır oluruq. Əgər düşmən yenə xam xəyallara düşsə, bu dəfə “dəmir yumruq” İrəvanın başında çatlayacaq.
Bu gün Ermənistan küçələrində bəzi qüvvələr təxribatçı şüarlar, revanşist fikirlər səsləndirirlər. Bu çağırışlar bir daha onu göstərir ki, biz heç vaxt öz ehtiyatımızı əldən verməməli, hər zaman hər şeyə hazır olmalıyıq”.
Seymur ƏLİYEV