1 noyabr Hacı Talenin məhkəməsində iştirak etdim. Orada gördüklərim mənə o qədər maraqlı oldu ki, ictimaiyyətin orada səslənən fikirlərə münasibətini bilmək üçün bir neçə gün gözləmək qərarına gəldim. Mənim üçün əsas məqam diqqətdən yayındığına görə bir daha eşitdiklərimi, sonra isə mətbuatda gedən Hacı Taleyin fikirlərini yenidən gündəmə gətirmək istəyirəm.
Bu tipli məhkəmələr aylarla uzansalar da bu məhkəmə prosesi bir günün içində ildırım sürəti ilə yekunlaşdı. Məhkəmə iclasında Hacı Taleyə elan olunmuş ittihamın tam saxta olduğu hamıya, o cümlədən prosesdə iştirak edən prokurora və sədrlik edən hakimə gün kimi aydın idi. Bunu onların prosesdə qəbul etdikləri baş-ayaq qərarlarından və bəzən özlərini məcbur edərək, ittihamı müdafiə etmək üçün söylədikləri absurd fikirlərdən görməmək mümkün deyildi. Onsuz da Hacı Talenin işi ilə bağlı istintaq dövrü baş verən biabırçılıqlar bunu sübut etmişdi. Hakimiyyət onu gah narkobaron, gah terrorist kimi qələmə vermək istəsə də ittihamların Hacı Taleyə heç cür yapışmadığından əməliyyatçının onun cibinə atdığı narkotiklə kifayətlənməli oldu ( həmin əməliyyatçı isə məhkəmə iclasına gələndə artıq narkotik atdığı əli qırılmış idi). Mənim üçün ən vacibi istintaqda və məhkəmədə baş verənlər olmadı. Mənim üçün ən vacib və sevindirici Hacı Talenin şəxsiyyətini məzmun etibarı ilə yenidən tanımağım oldu. Buna görə hələ məhkəmə iclası başlayana qədər Hacı Talenin zalda əyləşən insanlara xitabən söylədiyi fikirlərin tezislərini Sizə çatdırıram:
"Allah bizi imtahan edir... Xalqımıza görə, gənclərimizə görə, biz bu mübarizəmizi davam etdiririk... Bu bizim şərəf tariximizdir! Biz həbsimizdən narahat deyilik... Narahat olduğumuz odur ki, bu yolda Rəşadətin babasını o həddə çatdırdılar, özünü doğradı. Dindar Kamran Seyidov təzyiqlərə dözməyərək, özünü asdı... Hakimiyyətin dindarla qeyri-dindar arasında yaratdığı pərdə artıq aradan götürülür. Dünən 5-10 il həbs istənilən qardaşlarla görüşmüşəm. Onlar bir-birlərini təbrik edirdilər. Artıq gəncliyi zindanla qorxutmaq qeyri-mümkündür! Qorxu olmayan yerdə sağlam düşüncə olur... Mən zindanda “NIDA”çılar və başqa müxalif gənclərlə görüşənə qədər onlar haqda fikirlərim fərqli idi. Lakin gördüm ki, onlar da bu xalqın gülləridir, mübarizləridir. Bu gün dinindən, irqindən asılı olmayaraq, hamı haqq mübarizəsi aparmaqdadır.... Bu gün işlər insani dəyərlər üzərində qurulmalıdır!"..
Mənim üçün son 4 cümlə Azərbaycan din adamının dilindən səslənən tam yeni fikir idi. Məhz bu fikirlər Hacı Taleni Azərbaycanda kök salmış, hətta İslamın ən müqəddəs torpağı sayılan Məkkədə belə saxtakarlıq etməkdən çəkinməyən din xadimlərindən fərqləndirdi. Məhz bu fikirlər Azərbaycanda İslam dinindən öz məqsədləri üçün istifadə edənlərdən fərqli olaraq, İslam dininə sadiq olan, onu olduğu kimi saf, təmiz insanlara çatdırmaq istəyən din xadimlərinin olduğunu gördüm. Məhz indi gördüm ki, İslam dinindən insanları məzlum, qorxaq, kölə yetişdirmək istəyənlərdən fərqli olaraq, onları İslam dininin əsas prinsiplərindən olan haqsızlığa qarşı mübariz yetişdirmək istəyənlər də var. Ən əsası bu şəxslər Hacı Talenin timsalında İslama sadiq, gənc, savadlı, insanlar tərəfindən sevilən şəxslərdir. İnanıram ki, məhz bu gənclər müsəlman ölkəsində insan haqqına, şərəf və ləyaqətinə olan hörməti bütün dünyaya göstərəcəklər.