Xəbər verdiyimiz kimi, ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış iş adamları işğaldan azad edilən torpaqlarımızda sənaye müəssisələri inşa etmək, bu torpaqlarda həyata keçiriləcək bərpa işlərinə töhfə vermək təklifi ilə çıxış edib.
Moderator.az-a açıqlamasında Türkiyənin Vətən Müharibəsindəki dəstəyinə diqqət çəkən millət vəkili Azər Badamov, türk şirkətlərinin Qarabağdakı bərpa prosesində iştirakının da arzuedilən olduğunu vurğulayıb:
“İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsində bizə dost olan, Vətən Müharibəsində yanımızda olaraq bizim haqq işimizi dəstəkləyən ölkələrin şirkətləri iştirak edəcəkdir. Türkiyə hər zaman yanımızda olmuş və indi də öz mənəvi, hətta lazım olarsa, hər cürə dəstəyi göstərməyə hazır olduğunu bildirir. Türkiyənin yanımızda olması ölkəmizi bir çox xarici təzyiqlərdən qoruyur. Ona görə də Türkiyənin şirkətləri artıq azad olunmuş ərazilərimizin bərpasında iştirak edirlər.
İndi isə bir qrup Türkiyə şirkətilərinin nümayəndələrin ölkəmizə səfər edərək azad edilmiş ərazilərdə sənaye müəsisələrin tikilməsi ilə əlaqədar təkliflə çıxış etməsini ancaq alqışlanmalıdır. Çünki bu ərazilərin bərpasından sonra bura qayıdacaq insanların işlə təmin olunması məsələsi gündəmə gələcəkdir. Türkiyə şirkətlərin indidən bu ərazilərə investisiya yatıraraq müəsisələrin yaradılması gələcəkdə gündəmə gələcək bu ərazilərdə işlə təminatı məsələsinə töhfə olacaqdır.
İşğaldan azad olunmuş ərazilərimiz böyük sənaye potensialına malikdir. Bu potensialdan düzgün istifadə yeni məhsulların istehsalı və ölkə iqtisadiyyatının güclənməsi deməkdir. Düşünürəm ki, azad olunmuş ərazilərimizə investisiya yatırmaq istəyən şirkətlərə hətta güzəştli şərait yaratmalıyıq ki, onlar daha maraqlı olsunlar.
Türkiyə hər zaman Azərbaycana qardaşlıq münasibətini sərgiləmişdir. İndi də belə təkliflərlə hamıdan önə çıxmasını da qardaşlıq münasibətnin göstəricisi hesab edirəm. Türkiyənin ölkəmizə verdiyi dəstək bizi daha güclü edir və inamla addımlağımıza töhfə verir”.
Seymur ƏLİYEV