Onu terrorçu kimi həbs etmişdilər. Üzü üstə asfaltın üstünə yıxıb, arxadan qollarını bağlayanda dizləri, dirsəkləri parça-parça olmuşdu. Ilk məhkəməsinə başına qara torba keçirib gətirmişdilər, qollarından tutan əməliyyatçılar özlərini sanki Bin Ladeni yaxalamış kimi lovğa, təkəbbürlü aparırdılar...
Halbuki, belə fövqəladə əməliyyatla həbs etdikləri nə terrorçudur, nə qatil, də də manyak. O, ölkənin tanınmış jurnalistlərindən biri, imzası oxuculara yaxşı tanış olan Pərviz Həşimlidir. Pərviz gənc yaşlarından siyasi mübarizəyə qoşulub, AXCP üzvüdür, hüquq-müdafiə təşkilatına rəhbərlik edir.
Əməliyyat sentyabrın 17-də keçirilib, seçkiyə bir neçə həftə qalmış... Azərbaycan ictimaiyyəti seçki illərində repressiyalara, qanunsuz həbslərə çoxdan öyrəşib. Pərvizdən qabaq da siyasətçilər, gənc fəallar, jurnalistlər, hüquq müdafiəçiləri bu sayaq “fövqəladə” əməliyyatlarla içəri atılmışdılar.
Pərviz Həşimliyə qarşı xüsusi aqressivlik, qəddarlıq nümayiş olundu. Onun evdə tək olan həyat yoldaşının və 5 yaşlı qızının üstünə 30-a qədər əməliyyatçı göndərilmişdi. Evin müşahidə kameraları sındırılmışdı, pəncərələrin dəmir məhəccərlərini kəsib içəri doluşmuşdular, ailə üzvlərinin qorxudan bağrı yarılmışdı. Balaca Zeynəb hələ də o basqının şokundan ayılmayıb, müalicə altındadır. Silahlar körpənin oyuncağının içindən “çıxmışdı”, özü də içi patronla dolu...
Həmin gün Pəvizin iş yerlərində də axtarış aparıldı, əməliyyat bununla da yekunlaşdı və MTN bir-birinin ardınca iki bəyanat verməklə kifayətləndi. Pərvizi MTN-in təcridxanasında 6 kvadrat metrlik havasız, rütubətli hücrəyə kilidlədilər.
Yeri gəlmişkən onlarla adam öldürmüş qatil Hacı Məmmədov da həmin təcridxanada saxlanılır. Bəlkə də Pərvizlə kameraları qonşudur...
Vəkillərin şikayətləri, vəsatətləri bir-birinin ardınca təmin olunmur, ailə üzvlərinin, həmkarlarının müraciətləri cavabsız qalır. Beynəlxalq təşkilatlardan, hüquq-müdafiə qurumlarından verilən bəyanatları ümumiyyətlə, saya salan olmur. Tanış situasiyadır, siyasi həbslərin hamısında eyni cür davranırlar.
Pərviz Həşimliyə verilən qaçaqmalçılıq, silah saxlama ittihamlarının absurd olduğunu uzun-uzadı yazmağa ehtiyac yoxdur. Onun fəaliyyəti ictimaiyyətin gözü qarşısında olub, ona görə də cəmiyyət Pərvizin nədə ittiham olunduğunu yox, ondan nələr tələb olunduğunu müzakirə edir.
Vəkili deyir ki, Pərvizdən AXCP sədri Əli Kərimliyə qarşı ifadə vemək tələb olunur. Pərviz “etiraf” etməlidir ki, partiya liderinə silah və pul daşıyırmış. Bunu desə, daha onunla işləri yoxdur, azadlığı bu bir neçə kəlmədən keçir.
Pərviz bütün mənəvi, psixoloji basqılara rəğmən, ittihamları və qarşısına qoyulan şərtləri rədd edir. O, hətta məhbus hüquqlarından da məhrum edilmiş şəraitdə, iradəsini sındırmağa çalışan repressiya maşınının qarşısında mətanətlə dayanır. Hədələrin, sıxıntıların, iztirabların, məlumatsızlığın içində bir adamın bu qədər basqıya tab gətirməsi çox böyük iradə tələb edir. Gəncliyinin ilk illərindən mübarizənin içində olmuş, əqidəsinə, peşəsinə, dostlarına sədaqətli olan bir insan bunu edə bilərdi...
Pərvizin heç bir hüququ, şikayəti təmin edilmir. Ona ailəsi ilə telefonla danışmağı, məktublaşmağı da çox görürlər, oxumaq istədiyi qəzetləri vermirlər, təcridxanadan yazdığı şikayətlər ünvanına çatdırılmır. Tez-tez kamerasını yoxlayıb qeydlərini götürürlər, vəkilllərin müdafiə hüququnu həyata keçirməsinə maneələr yaradırlar. O, milli təhlükəsizlik naziri Eldar Mahmudova, Ombudsman Elmira Süleymanovaya dəfələrlə müraciət edib. Amma məktubları yazdığı ünvanlara çatdırılmayıb...
Pərvizə qarşı həyata keçrilən qanunsuzluqların sayını daha da uzatmaq olar. Atası Kamran müəllim oğlunun həbsinin səbəbini izah edərkən çox dəqiq ifadə seçmişdi: Pərvizi girov saxlayırlar!