Artıq 5-ci gündür ki, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir.
Maraqlıdır, media müharibə şəraitində öz işini lazımı səviyyədə qura bilibmi? Indiki şəraitdə medianın fəaliyyəti nə dərəcədə qənaətbəxşdir?
Moderator.az-a açıqlama verən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, media eksperti Elçin Mirzəbəyli medianın fəaliyyətinin qənaətbəxş olduğunu vurğuladı:
“Prinsip etibarı ilə media peşəkar davranır. Əksər informasiya vasitələri yalnız rəsmi mənbələrə istinadən məlumat yayır. Təhlillər də yalnız rəsmi məlumatlar əsasında hazırlanır. Bu günə qədər media müstəvisində hər hansı ciddi problemin olduğunu düşünmürəm. Sadəcə, hazırda kommunukasiya imkanları müəyən qədər məhduddur ki, bu da proseslərə çevik şəkildə reaksiya verməyə müəyyən problem yaradır. Lakin bunu da anlayırıq ki, bu, hərbi vəziyyətdən, onun reallıqlarından irəli gələn bir məsələdir. İstənilən halda medianın bu proseslərdə aktiv şəkildə iştirakı vacibdir.
Medianın fəaliyyəti yaxşı qurulub və ötən illərin təcrübəsindən, buraxılan səhvlərindən nəticə çıxarılıb. Bu baxımdan gələcəkdə də hansısa ciddi nöqsana yol veriləcəyini güman etmirəm”.
Seymur ƏLİYEV