Yenicə təmirdən çıxan Saray
yolunda yük maşınlarına qoyulan qadağa ilə bağlı narazılıq getdikcə
artmaqdadır. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə
görə, sürücülər bu qadağanın əsassız olduğu fikrindədir: “Sürücülər hesab edir
ki, əgər belə bir qadağa həqiqətən də qanuni olsaydı, o zaman Novxanı-Saray
yolunun girişində yük maşınlarının hərəkətini
yasaqlayan hərəkət nişanı olardı. Belə bir nişanın mövcud olmaması onu göstərir
ki, yük maşınlarının hərəkətinə qoyulan qadağa əsassızdır. Habelə, yük
maşınlarının fəaliyyəti üçün qoyulan qadağa istisnasız olaraq eyni çəki və
yükdaşıma qabiliyyətinə malik bütün yük avtomobillərinə şamil olunmur. Bunun özü
də məlum qadağa ilə bağlı narazılığı artıran məqamlardan biridir. Sürücülər
hesab edir ki, əlaqədar qurumlar Saray yolundan istifadə ilə bağlı yaranan bu
problemə aydınlıq gətirməli, sözügedən qadağanın qanuni olub-olmadığnı
aydınlaşdırmalıdır. Əks təqdirdə Saray yolundan istifadə ilə bağlı mövcud
qeyri-müəyyənlik və narazılığın getdikcə daha da artacağı istisna edilmir”.