Artıq üç gündür ki, Ermənistanla sərhəddə baş verən döyüşlər bütün xalqı hərəkətə gətirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrinə müraciət edən çoxlu sayda gənc hərbi əməliyyatlara qatılmaq arzusunu ifadə edib. Bundan başqa, 43 siyasi partiya ölkə başçısı və Azərbaycan ordusu ilə həmrəylik sərgiləyən bəyanatla çıxış edib ki, bu da bütün xalqın ali baş komandan ətrafında sıx birləşdiyini göstərir.
Bütün bunlar ölkəmizdə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğunu, xalq və dövlət arasında tam bir birliyin mövcudluğunun isbatı sayıla bilərmi?
Moderator.az-a açqlama verən millət vəkili Elman Məmmədov xalqın birlik, həmrəylik arzusunu, habelə gənclərin döyüş ruhunu yüksək qiymətləndirdiyini qeyd etdi:
“Baş verənlər hər şeydən öncə onu göstərir ki, ordu-xalq birliyi mövcuddur. İnsanlarımız “bir dövlət-bir millət”, “bir bayraq-bir vətən-bir ordu” ideyası ətrafında sıx birəşib. Döyüşə getmək istəyən gənclərimizin bu istəklərini dilə gətirməsi onların qəlblərindən gələn vətən sevgisi ilə bağlıdır. Onların bu istəyi, bu sevgisi alqışlanmaldır.
Bu gün Azərbaycan ordusu düşmənə kifayət qədər ağır zərbələr endirir. Ordumuz düşmənə öz sözünü deyir. Əgər müharibə olarsa, ehtiyac yaranarsa, o zaman bizim hər birimiz yaşımızdan asılı olmayaraq, ordumuza dəstək olmağa, vətənimizi qorumaq üçün silaha sarılmağa hazırıq. Səmimi şəkildə səsini qaldıran, dövlətimizin, ordumuzun, prezidentimizin yanında olan bütün siyasi partiyalara da öz təşəkkürümü bildirirəm. Bu gün birliyə, həmrəyliyə daha çox ehtiyacımız var. Bizi uğura, qələbəyə də məhz bu birlik, bu həmrəlik aparacaq”.
Seymur ƏLİYEV