Dünən Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Nizami Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birlikdə rayon ərazisindəki müxtəlif ticarət və xidmət sahələrində reydlər həyata keçirib, vəziyyətlə yerindəcə tanış olublar.
Karantin rejimi elan olunan bütün şəhər və rayonlarda icra hakimiyyətlərinin bu cür reydlər keçirməsi pandemiyaya qarşı effektiv mübarizə baxımından nə dərəcədə faydalıdır? Pandemiyaya qarşı birgə mübarizə, bütün səylərin birləşdirilməsi koronavirusa daha qısa zamanda qalib gəlməyə imkan verə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bu cür reydlərin olduqca əhəmiyyətli olduğunu bildirdi:
“Bu prosesdə həm dövlət qurumları öz rolunu oynamalı, həm də vətəndaşlar üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Təbii ki, ictimai qınaq amilindən də istifadə olunmalıdır. Bölgələrdə, rayonlarda aidiyyatı strukturların bu cür təmasları, monitorinqləri ümumi işin xeyrinədir.
Bu gün bizim daha çox təbliğata, maarifləndirməyə ehtiyacımız var. Rayon icra hakimiyyəti səlahiyyətlilərinin insanlar arasında maariləndirmə işləri aparması təqdirəlayiqdir.
Bir neçə gün bundan öncə baş nazirin rəhbərliyi ilə iclas keçirildi və bütün icra hakimiyyətlərinə tapşırıldı ki, karantin rejimi ilə bağlı vəziyyətə nəzarət edilsin. Çünki vətəndaşlarla ünsiyyətdə olmaq, onları maarifləndirmək ümumi işin xeyrinədir.
Təəssüflər olsun ki, hətta bu gün belə bəzi insnalar xəstəliyin nə dərəcədə təhlükə olduğunu anlamırlar. Buna görə də belə görüşlərin, reydlərin keçirilməsi vacibdir. Hər kəs anlamalıdır ki, bu, çox təhlükəli bir xəstəlikdən və ondan qorunmaq üçün bütün tələblərə ciddi şəkildə əməl etmək lazımdır”.
Seymur ƏLİYEV