Rusiyanın Liviyaya MİQ-29 qırıcıları göndərməsi ABŞ və Qərb ölkələrində böyük təlatümə səbəb olub.
Moderator.az xəbər verir ki, Liviyadakı Vaqner dəstələrinə hava dəstəyi üçün göndərilən bu təyyarələr Rusiyanın Afrikadakı hərbi mövcudluğunu genişləndirmək adına mühüm addım kimi dəyərləndirilir. Lakin Qərb hərbi mütəxəssislərini narahat edən əsas amil bu təyyarələrin Avropa üçün də böyük təhdidə çevrilməsidir. Belə ki, hərbi ekspertlər hesab edir ki, Liviyadakı rus qırıcıları Avropanın cənub cinahı üçün böyük təhlükədir və hər an bu ərazilərdə təhlükəsizlik baxımından böyük təhdiddlər təşkil edə bilər. Məhz bu səbəbdən də onlar Rusiyanın Afrikadakı hərbi mövcudluğunu nəzarətdə saxlamağın vacibliyini iddia edir, rus təhlükəsinə qarşı “əlavə tədbirlər” həyata keçirməyi zəruri hesab edirlər. Çünki ekspertlərin fikrincə, MİQ-29-lar əslində məhz Avropa üçün ordadır və bu, Moskvanın Avropanı hərbi qüvvələrlə əhatələmək siyasətinin tərkib hissəsidir.
Bundan baqşa, mütəxəssislər Rusiyanın Liviyaya nizami ordu birlikləri deyil, hökumət tərəfindən dəstəklənən Vaqner muzdlularını göndərməsini rəsmi Moskvanın məsuliyyətdən yayınmaq, “kölgədə qalmaq” cəhdi kimi dəyərləndirir. Ekspertlərin fikrincə, Rusiyanın Liviyada hərbi mövcudluğunu möhkəmlətmək cəhdləri bu ölkədə yeni gərginlik və qarşıdurmalara səbəb olacaq.
Seymur ƏLİYEV