Məlum olduğu kimi, mayın 29-da ölkəmizdə Avropa Liqasının final görüşü keçiriləcək.
Azərbaycanda belə bir mötəbər yarışın keçirilməsi respublikamızın idman ölkəsi kimi beynəlxalq aləmdəki nüfuzunun daha da artmasını təsir göstərəcəkmi?
Moderator.az-a açıqlama verən millət vəkili Adil Əliyev bu kimi tədbirlərin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini vurğuladı:
“Hər şeydən öncə qeyd edim ki, final görüşünün ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq idman arenasındakı nüfuzunun yüksək olduğunu göstərir. Azərbaycan bu cür mötəbər tədbirlərə ev sahibliyi edirsə, deməli ölkəmiz bu sahədə söz sahibidir.
İki il bundan öncə bu mötəbər tədbirin ölkəmizdə keçiriləcəyi bəlli idi və Azərbaycan bununla bağlı bütün gərəkli hazırlıq işlərini həyata keçirib. 2012-ci ildə keçirilən “Eurovision”, 2015-ci ildə təşkil edilən Avropa Oyunları, 2016-cı ildə baş tutan İslam Həmrəyliyi Oyunları, bir neçə il ardıcıl keçirilən “Formula-1” yarışlarının ölkəmizdə təşkili Azərbyacanın idman ölkəsi kimi dünyadakı nüfuzunun daha da artmasını təmin edən mühüm tədbirlərdir. Bu baxımdan Avropa Liqasının final görüşünün də ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu yüksəldən mühüm tədbirlərdən biri olacaq”.
Seymur ƏLİYEV