Məlum olduğu kimi, Türkiyə bir neçə ay bundan öncə türk hava səmasında vurulan Rusiya təyyarəsinə görə öz təəssüfünü və üzrxahlığını bildirib, təzminat ödəməyə hazır olduğunu vurğulayıb.
Maraqlıdır, Türkiyənin bu addımı onun beynəlxalq aləmdəki nüfuzuna mənfi təsir göstərə bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Türkiyənin bu addımının onun nüfuzuna əsla mənfi təsir göstərməyəcəyini söyləyib:
“Bu məsələdə öncə dəqiqləşdirmə aparmaq lazımdır. Məsələ bundadır ki, Türkiyə Rusiya dövlətindən deyil, həlak olan rus pilotun ailəsindən üzr istəyib. Bir ailədən üzr istəməklə bir dövlətdən üzr istəmək arasında çox böyük fərq var. Bu, Türkiyənin beynəlxalq aləmdəki nüfuzuna mənfi mənada hər hansı təsir göstərməyəcək. Əksinə, hesab edirəm ki, Türkiyə tərəfinin bu addımı iki dövlət arasındakı münasibətlərin normallaşması baxımından faydalı olacaq”.
Seymur Əliyev